Azərbaycan, Bakı, 13 noyabr /Trend/
12 noyabr - Konstitusiya Günü münasibətilə bu gün "Azərikimya" İstehsalat Birliyində kimya müəssisələri və idarələrinin, bir sıra şəhər təşkilatları nümayəndələrinin iştirakı ilə geniş proqramlı tədbir keçirilib.
İB-dən Trend-ə verilən məlumata görə, tədbirdə müstəqillik əldə etmiş Azərbaycanın ilk Konstitusiyasının hazırlanması məqsədilə vaxtilə ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə xüsusi komissiya yaradılmasından, 1995-ci il noyabrın 12-də ümumxalq referendumu keçirilməklə Konstitusiya layihəsinin ümumxalq müzakirəsinə verilməsindən və ölkəmizin bu ali qanun kitabının yekdilliklə qəbul olunmasından söhbət açılıb. Çıxış edənlər Azərbaycan Konstitusiyasının dövlət əhəmiyyətini nəzərə alan Heydər Əliyevin 1996-cı il fevralın 6-da özünün Prezident sərəncamı ilə 12 noyabr tarixini Konstitusiya Günü elan etməsinin mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıblar.
Bildirilib ki, Azərbaycanın böyük dövlətçilik ənənələrinə, milli və ümumbəşəri dəyərlərə söykənərək yaradılan, müstəqil dövlətimiz və xalqımız üçün taleyüklü əhəmiyyət kəsb edən Konstitusiya xalqımızın keçdiyi tarixi yolun, müstəqillik uğrunda apardığı çoxəsrlik mübarizənin məntiqi yekununun və təntənəsinin təcəssümüdür. Nəzərə çatdırılıb ki, Azərbaycan Konstitusiyası dövlət quruculuğu kimi mühüm bir vəzifənin yerinə yetirilməsində xalqın iradəsini ifadə etməklə dövlətimizin fəaliyyətinin əsas istiqamətlərini, demokratik dövlət quruculuğu prosesinin başlıca prinsiplərini, vətəndaşların əsas hüquq və vəzifələrini müəyyən edib, Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu üçün əsaslı zəmin yaradıb.
Qeyd olunub ki, Azərbaycanda demokratik proseslərin getdikcə dərinləşdiyi, hüquqi dövlət və vətəndaş cəmiyyətinin inkişaf etdiyi bir mərhələdə Konstitusiyanın əsas müddəalarının həyata keçirilməsi, respublika həyatının bütün sahələrinin yeniləşməsində onun açdığı geniş imkanlardan hərtərəfli istifadə olunması hər bir Azərbaycan vətəndaşından böyük səy və məsuliyyət tələb edir. Bu baxımdan qarşıda duran ən mühüm vəzifə olaraq hər bir ölkə vətəndaşının cəmiyyətimiz, ümumi inkişafımız naminə gündəlik həyat və əmək fəaliyyətində Konstitusiyanın əsas prinsiplərini rəhbər tutması, onun verdiyi vətəndaş təminatlarından böyük fayda ilə bəhrələnməsi xüsusilə əhəmiyyətli və vacibdir.
Tədbir "Azərikimya" İB-nin şöbələrinin, Etilen-polietilen və "Üzvi sintez" zavodlarının, "Kimyalayihə" İnstitutunun, Nəqliyyat və xüsusi texnika, Təmir-tikinti idarələrinin, Təlim-tədris Mərkəzinin, Sumqayıt Müəllimlər İnstitutu, şəhər Təhsil şöbəsi və Qaz idarəsinin komandaları arasında Azərbaycanın dövlətçilik tarixi və Konstitusiya ilə bağlı viktorinanın keçirilməsi ilə başa çatıb.
Münsiflər heyətinin qərarına əsasən, Birliyin ümumi komandası 15 komandanın iştirak etdiyi, maraqlı və gərgin mübarizə şəraitində bir-neçə mərhələ üzrə keçirilmiş viktorinanın qalibi elan edilib. İqtisadiyyat və uçot idarəsinin və "Üzvi sintez" zavodunun komandaları müvafiq olaraq 2-ci və 3-cü yerləri tutublar. Qalib komandalar fəxri diplomlar və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.