...

"Üzvi sintez" zavodunda kompleks mülki müdafiə təlimi keçirilib (FOTO)

Energetika Materials 16 Noyabr 2012 18:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 noyabr /Trend/

Noyabrın 16-da ARDNŞ-nin "Azərikimya" İstehsalat Birliyinin "Üzvi sintez" zavodunda Sumqayıt Regional Fövqəladə hallar və Mülki müdafiə şöbəsinin təşkilatçılığı ilə "Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili" ilə bağlı şəhər üzrə kompleks təlim keçirilib.

İB-dən Trend-ə verilən məlumata görə, "Üzvi sintez" zavodunun ərazisində şərti partlayışların törənməsindən dərhal sonra qaldırılmış "həyəcan" siqnalı üzrə başlanan təlim zamanı Sumqayıt şəhər mülki müdafiə (MM) qüvvələri ilə eyni vaxtda fövqəladə hadisə yerinə ilk növbədə yanğınsöndürən və təcili yardım maşınları, qazdan xilasetmə dəstələri daxil olublar. Digər istehsalat sahələrində də qəzaların baş verməməsi, yanğın ərazisinin genişlənməməsi məqsədilə şəhərin qaz və işıq idarələrinin, həmçinin "Azərikimya" İB-nin müvafiq komandaları qəza sahəsinin qaz və elektrik enerjisi xətlərindən ayrılmasını təmin ediblər. Şərti partlayışın baş verdiyi ərazidə yanğının söndürülməsi ilə yanaşı, kimyəvi kəşfiyyatın təşkili, ərazinin mühafizəsi, axtarış-xilasetmə, kimyəvi zəhərlənmə zonasının lokallaşdırılması işləri də operativ şəkildə yerinə yetirilib. Şəhərin "Qızıl Aypara" cəmiyyətinin tibbi yardım dəstələri "zərər çəkənləri", "yaralıları" qəza ərazisindən çıxararaq və ilkin tibbi yardım göstərərək, onları Birliyin Təcili Tibbi Yardım Mərkəzinə və şəhərin səhiyyə müəssisələrinə göndəriblər.

Kompleks təlimdə "Azərikimya" İB-nin müvafiq avadanlıq və ləvazimatlarla təchiz edilmiş 200 nəfərdən ibarət hərbiləşdirilməmiş mülki müdafiə qüvvələri və xeyli sayda texnikası iştirak edib. Təlimin gedişində Sumqayıt şəhər MM dəstələri və xidmətlərinin, o cümlədən "Azərikimya" İB-nin, Sumqayıt Qaz istismarı İdarəsinin, "Yüksək gərginlikli Elektrik şəbəkəsi" MMC-nin, telekommunikasiya qovşağının, səhiyyə, avtonəqliyyat, asayişi mühafizə və s. üzrə mülki müdafiə xidmətlərinin kollektivlərinin qarşılıqlı fəaliyyətinə, bütünlükdə isə qarşıya qoyulmuş məqsədlərə nail olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti