...

SOCAR-AQŞ qazma və quyu tikintisi planını artıqlaması ilə yerinə yetirib

Energetika Materials 10 Yanvar 2013 19:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 yanvar /Trend/

"SOCAR-AQŞ" MMC 2010 və 2011-ci illərdə olduğu kimi, 2012-ci ildə də sifarişçi tərəfindən qarşıya qoyulmuş bütün öhdəlikləri qəzasız, xətasız və səmərəli qazma əməliyyatları həyata keçirərək uğurla yerinə yetirib.

Şirkətdən Trend-ə verilən məlumata görə, ötən il sifarişçi tərəfindən təsdiq edilmiş 17 500 metr qazma keçidi əvəzinə, 19547 metr faktiki qazma keçidi əldə edilərək illik qazma planı 111,7% yerinə yetirilib. Planda nəzərdə tutulan 5 quyu əvəzinə isə 6 quyu tikinti ilə təhvil verilərək illik plana 120% əməl edilib.

2012-ci ildə şirkətin əldə etdiyi bütün nailiyyətlərin əsası sağlamlıq, texniki təhlükəsizlik və ətraf mühitin mühafizəsi sahəsi ilə bağlı olub. Belə ki, əməliyyatlar zamanı insan sağlamlığına, ətraf mühit və avadanlıqlara heç bir ziyan dəyməyib, qazma şlamı 100% həcmdə toplanılıb hermetik konteynerlərdə daşınaraq təyin olunmuş yerlərdə qanunvericiliyin tələblərinə uyğun olaraq utilizasiya edilib. Əməliyyatlar zamanı ətraf mühitə dəyən zərəri aradan qaldırmaq məqsədilə drenaj sistemi yenidən qurulub, ekoloji zərərsiz generatorlar alınaraq istismara verilib. Bununla yanaşı, əməkdaşlarımızın peşə bilik və bacarıqlarının artırılması məqsədilə yerli və xarici mütəxəssislər tərəfindən 35 436 adamXsaat təlim keçirilib.

Beynəlxalq standartların tətbiqi sahəsində SOCAR-AQŞ-nin əldə etdiyi əsas nailiyyət İsveçrənin SGS şirkəti tərəfindən keçirilmiş təkrar sertifikatlaşma auditinin uğurla başa çatmasıdır. Audit müəssisənin bütün sahələrini əhatə edib və "SOCAR-AQŞ" MMC-nin fəaliyyəti təkrar olaraq 3 beynəlxalq strandartın: ISO 9001 (Keyfiyyətin idarə edilməsi standartı), ISO 14001 (Ətraf mühütin mühafizəsinin idarə edilməsi standartı) və OHSAS 18001 (Sağlamlıq, texniki təhlükəsizlik və əməyin mühafizəsinin idarə edilməsi standartı) standartlarının son nəşrləri üzrə növbəti 3 il müddətinə sertifikatlaşdırılıb. Bundan əlavə, müəssisədə Amerika Neft İnstitutu-API standartlarının tətbiqi məqsədilə 2 mərhələdən ibarət auditlər keçirilib. 2013-cü il üçün müəssisənin bu sahədə məqsədi API auditinin növbəti mərhələlərindən uğurla çıxmaq və API standartları üzrə sertifikat əldə etməkdir.

"SOCAR-AQŞ öz kadr potensialını təkmilləşdirərək, yeni texnika və texnologiyaları mənimsəyərək və öz biznes proseslərini təkmilləşdirərək beynəlxalq qazma sənayesinə inteqrasiya siyasətini davam etdirmək və 2013-cü ildə yeni qazma bazarlarına çıxmaq əzmindədir", - şirkətin məlumatında deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti