...

Nazir müavini: Enerji resursları regional və beynəlxalq əməkdaşlığa xidmət etməlidir

Energetika Materials 11 İyul 2013 14:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 iyul /Trend, müxbir E.İsmayılov/

Azərbaycanın sənaye və energetika nazirinin müavini Natiq Abbasov Avropa Parlamentinin deputatlarından ibarət nümayəndə heyəti ilə görüşüb.

Trend-in Səanye və Energetika Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, görüşdə Abbasov Azərbaycanın son illər iqtisadi sahədə qazandığı uğurlar, əldə olunan yüksək nəticələr barədə qonaqlara geniş məlumatlar verərək bildirib ki, ölkəmiz öz enerji təhlükəsizliyini yüksək səviyyədə təmin etməyə nail olub.

Onun sözlərinə görə, ölkənin təsdiqlənmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrdən artıqdır: "Bu, gələn onilliklər ərzində ölkəmizə beynəlxalq bazarlarda qazın mühüm təchizatçısı olmaq imkanını yaradacaq. Azərbaycan, həmçinin enerji nəqli infrastrukturuna sərmayə qoyub. Prioritetlərimizdən biri təchizat marşrutlarının şaxələndirilməsidir. Bu gün 7 neft və qaz kəməri resurslarımızı müxtəlif təchizat marşrutları ilə dünya bazarlarına çıxarır. Azərbaycan öz enerji təhlükəsizliyini təmin edib və hazırda tərəfdaş ölkələrin enerji təhlükəsizliyinə töhfə verir".

Azərbaycanın əldə etdiyi ən böyük nailiyyətlərdən birinin Bakı-Tbilisi-Ceyhan boru kəmərinin tikilməsi olduğunu qeyd edən nazir müavini əlavə edib: "O, tarixdə ilk dəfə olaraq Xəzər və Aralıq dənizlərini birləşdirdi. Biz, həmçinin Xəzərin şərq sahilindən Avropa və beynəlxalq bazarlara neft təchizatçıları üçün çıxışın təmin edilməsində tranzit ölkə kimi öz rolumuzu oynayırıq. Biz təchizatda olduğu kimi, tranzitdə də etibarlı ölkəyik. Digər tarixi nailiyyət qazımızın ixracı üçün dəhliz açmış Cənubi Qafqaz qaz boru kəmərinin tikintisi oldu".

Abbasov yeni layihələrdən də danışıb, xüsusilə "Trans Anadolu" (TANAP) layihəsinin əhəmiyyətindən geniş bəhs edib. Nazir müavini xüsusi olaraq qeyd edib ki, Azərbaycan Avropa üçün etibarlı tərəfdaşdır və enerji təhlükəsizliyi məsələsinə yanaşma ondan ibarətdir ki, enerji resursları ölkələri və xalqları ayırmalı deyil, birləşdirməlidir: "Enerji resursları rəqabət və ya toqquşmaya deyil, regional və beynəlxalq əməkdaşlığa xidmət etməlidir. Təchizatçıların, tranzit ölkələrin və istehlakçıların maraqları üst-üstə düşməli və daha çox proqnozlaşdırma və qarşılıqlı faydaya aparmalıdır".

Görüşdə xüsusilə qeyd olunub ki, Azərbaycanın seçdiyi TAP layihəsi Avropanın enerji xəritəsini dəyişəcək və əməkdaşlıq üçün yeni imkanlar açacaq. Enerji ehtiyatlarının istismarından əldə edilmiş irimiqyaslı gəlirlərin istifadəsi ilə bağlı qonaqları maraqlandıran suallara cavabında Abbasov hazırda bu gəlirlərin ölkə iqtisadiyyatının müxtəlif sahələri, xüsusilə sənaye, kənd təsərrüfatı, təhsil, hərbi, turizm, sosial və digər sahələrin inkişaf etdirilməsinə yönəldildiyini bildirib.

Öz növbəsində, dünyanın enerji təminatının müxtəlifliyində Azərbaycanın rolunu yüksək qiymətləndirən qonaqlar bunun enerji təhlükəsizliyinin başlanğıc nöqtəsi olduğunu diqqətə çatdırıblar.

Görüşdə Avropa Parlementinin Xarici Əlaqələr Komitəsinin üzvü Mario David, Fransadan Raşida Dati, Polşadan Fliip Kaçmerak, Portuqaliyadan Xorxe Morqadu və digər avroparlamentarilər iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti