...

Neft Daşlarındakı paylayıcı qurğularda yenidənqurma işləri aparılır

Energetika Materials 25 Noyabr 2014 18:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 noyabr /Trend/

Neft Daşlarındakı paylayıcı qurğularda yenidənqurma işləri aparılır.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, son vaxtlar Neft Daşlarında aparılan genişmiqyaslı tikinti, təmir və yenidənqurma işləri hasilatın artmasına, bu isə öz növbəsində, əmtəə çənlər parkının genişlənməsinə səbəb olub.

Neftin-qazın ilkin hazırlanması və nəql olunması məqsədi ilə yeni qurğu və avadanlıqların, onlara uyğun işlədicilərin, paylayıcı qurğuların yenidən qurulmasına zərurət yaranıb. Mövcud əmtəə çənlər parkının elektrik təchizatı üçün 1984-1990-cı illərdə quraşdırılmış 40, 41 və 42 saylı paylayıcı qurğular və onların 6 və 0,4 kV-luq avadanlıqları o dövr üçün müasir sayılan 6 kV-luq KSO-272 tipli yağ açarlarından və 0,4 kV-luq ŞO tipli panellərdən ibarət idi. Həmin avadanlıqların müasir tipli vakuum açarlarının göstəricilərindən geri qalması nəzərə alınaraq, "28 May" NQÇİ-nin Neftin ilkin hazırlanması və nəqli sexinin ərazisindəki 40, 41 və 42 saylı paylayıcı qurğuların avadanlıqlarının Türkiyənin "Elko" şirkətinə məxsus yeni tipli vakuum açarlı avadanlıqlarla əvəz olunmasına başlanılıb.

Hazırda 40 və 41 saylı paylayıcı qurğularda işlər başa çatdırılıb. 42 saylı qurğuda isə quraşdırma işləri davam etdirilir.

Paylayıcı qurğuların yenidənqurmadan sonra istifadəyə verilməsi Neft Daşlarındakı əmtəə çənlər parkının, neftin və qazın ilkin hazırlanması və nəql olunması obyektlərinin etibarlı elektrik təchizatı ilə təminatına zəmin yaradacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti