Azərbaycan, Bakı, 26 noyabr /Trend/
Bu gün Ağsu rayonunun Ərəbmehdibəy, Xəlilli və Mustafalı kəndlərinə təbii qazın verilməsi bərpa edilib.
Trend ARDNŞ-nin saytına istinadən məlumat verir ki, bu münasibətlə keçirilmiş mərasimlərdə rayon İcra Hakimiyyətinin və "Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri, kənd ağsaqlları iştirak ediblər. Bildirilib ki, 230 abonenti olan Ərəbmehdibəy kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında 21,6 kilometrdən artıq müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 230 ədəd "Smart" tipli qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb.
78 abonenti olan Xəlilli kəndinin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında ümumilikdə 12 kilometrə yaxın müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 78 ədəd "Smart" tipli qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb.
31 abonenti olan Mustafalı kəndinin qazlaşdırılması üçün isə birpilləli sistem əsasında 4,6 kilometrdən artıq müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 31 ədəd "Smart" tipli qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb.
Tədbirlərdə çıxış edən ictimaiyyət nümayəndələri yaşayış məntəqələrinə təbii qazın yenidən verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.