...

Brüssel Bakıda Moskva ilə danışıqlarda mövqelərini gücləndirir

Energetika Materials 13 Fevral 2015 10:33 (UTC +04:00)

Rus xəbərlər xidmətinin rəhbəri

Seymur Əliyev - Trend:

Azərbaycan qazı növbəti illər ərzində Avropa istehlakçıları üçün yeganə yeni qaz mənbəyi olacaq.

Bakıda Cənub qaz dəhlizi Məşvərət Şurasının ilk iclasında Prezident İlham Əliyevin səsləndirdiyi bu bəyanat faktiki olaraq son vaxtlar bu layihə ilə bağlı yaranan bütün suallara cavabdır. Prinsip etibarilə, Bakıda iclasın hədəfi layihə iştirakçılarının, tranzit ölkələrin və Azərbaycan qazının alıcılarının bütün suallarına cavab vermək, eləcə də dünya böhranına və neftin qiymətlərinin düşməsinə baxmayaraq, Bakının siyasi iradəsinin dəyişməz olduğunu təsdiqləmək olub.

Bununla yanaşı, bu iclas Avropanın özü üçündə əhəmiyyətlidir. Bu gün, Rusiyanın 50 milyard kubmetr qazı Avropanın cənub sərhədlərinə tədarük etməyə hazır olduğunu bəyan etdiyi zaman Aİ-yə "mavi yanacağ"ın Azərbaycan və Türkmənistan kimi həqiqi alternativ mənbələrdən alışını artırmaq vacibdir. Bu, Brüsselə Moskva ilə danışıqlarda öz mövqeyini xeyli dərəcədə gücləndirmək imkanı verir.

Bunu Avropa Komissiyasının Enerji İttifaqı üzrə vitse-prezidenti Maroş Şefkoviç də təsdiqləyib. O, cümə axşamı Bakıda keçirilən iclasda deyib ki, Avropa Cənub qaz dəhlizi ilə qaz alışının ikiqat (ildə 20 milyard kubmetrədək) artırılması məsələsinə baxır.

Bu gün Azərbaycan qazının sübut edilmiş ehtiyatları 2,5 trilyon kubmetrdən artıqdır. Respublikanın dəniz şelfində "Abşeron", "Ümid" yeni yataqlarının, "Babək" strukturunun və digərlərinin işlənməsinə hazırlıq gedir. Bu qazın Avropaya çatdırılması üçün zəmanət lazımdır.

Eləcə də Avropa üçün Türkmənistan qazı da az əhəmiyyətə malik deyil. Azərbaycan dəfələrlə bəyan etdiyi kimi, Türkmənistan qazının öz ərazisi vasitəsilə tədarük edilməsinə və onun tranzitinin həyata keçirilməsinə tam yardım etməyə hazırdır. Lakin Türkmənistanla problemi Avropa özü həll etməlidir.

Bu gün Azərbaycan qazının Avropaya nəqli üçün maneənin olmadığını əminliklə söyləmək olar. Lakin Aİ-nin Cənub qaz dəhlizi ilə qaz alışı həcmlərini artırmaq istəyi Azərbaycan qarşısında yeni perspektivlər açır.

İstənilən halda Azərbaycanın təşəbbüsü ilə yaradılan Cənub qaz dəhlizi bu gün region dövlətləri və Aİ ölkələrinin də cəlb edildikləri Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına yönəlik beynəlxalq əhəmiyyətli layihəyə çevrilib. Bu, Azərbaycanın təkcə regionun lideri kimi yox, həm də bütün qitənin təhlükəsizliyinə töhfə verən dövlət kimi əhəmiyyətini bir daha təsdiq edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti