Azərbaycan, Bakı, 1 iyun /Trend/
Azərbaycan Energetika Nazirliyində energetika naziri Natiq Əliyev, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev və İraqın neft naziri Adil Əbdülmehdi arasında görüş keçirilib.
Energetika Nazirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycanla İraq arasındakı münasibətlərin tarixi köklərindən danışan nazir N.Əliyev müvafiq beynəlxalq təşkilatlar çərçivəsində, eləcə də bir sıra qlobal məsələlərə münasibətdə ölkələrimizin yekdil mövqedən çıxış etdiklərini xatırladıb. Hər iki ölkənin malik olduğu zəngin neft resurslarının Azərbaycan və İraq arasında əməkdaşlığın daha da genişlənməsində yeni üfüqlər açacağına inamını ifadə edib. Bildirib ki, İraqda neft-qaz layihələri üzrə Anlaşma Memorandumunun imzalanması bu istiqamətdə gələcək əməkdaşlığın əsasını təşkil edəcək.
Bakıda ARDNŞ rəhbərliyi ilə apardığı danışıqları, keçirilən görüşləri yüksək qiymətləndirən İraqın neft naziri A.Əbdülmehdi də öz növbəsində, iki ölkə arasında münasibətlərin yüksələn xətt üzrə inkişafının məhz Azərbaycanın müstəqilliyi dövrünə təsadüf etdiyini qeyd edib. O, neft hasilatının həcminə görə İraqın OPEK ölkələri arasında ikinci yerdə dayandığını vurğulayıb və bildirib ki, ölkəsi hasilatın həcmini daha da artırmaq niyyətindədir. Qonaq Azərbaycanın neft sənayesində tətbiq edilən yenilikləri yüksək qiymətləndirib.
N.Əliyev bildirib ki, Azərbaycan və İraq arasındakı münasibətlər təkcə enerji sahəsi ilə məhdudlaşmamalıdır: "Tarixi köklərə söykənərək xalqlarımız arasında əlaqələr müxtəlif sahələrdə daha da genişlənməlidir. İmzalanan sənəd bu baxımdan da yeni imkanlar yaradır".
Görüşdən sonra Azərbaycan Energetika Nazirliyi ilə İraq Neft Nazirliyi arasında İraqda neft-qazın inkişaf layihələrinə dair Anlaşma Memorandumu imzalanıb.