...

Azərbaycan və Gürcüstan alternativ enerji üzrə işçi qrupu yaradırlar

Energetika Materials 8 İyul 2015 17:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 iyul /Trend, müxbir Maksim Tsurkov/

Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi və Gürcüstanın Energetika Nazirliyi alternativ energetika sahəsində birgə işçi qrupunun yaradılması ilə bağlı razılığa gəlib. Bu barədə Trend Dövlət Agentliyinə istinadən məlumat verir.

Dövlət Agentliyinin sədri Akim Bədəlov Gürcüstan Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Georgi Kvirikaşvili və Baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze ilə görüşlər keçirib.

Görüşdə A.Bədəlov bildirib ki, hər iki ölkənin alternativ və bərpa olunan enerji mənbələri sahəsində böyük potensialı var: "Ölkələr böyük hidroenerji resurslarına malikdirlər. Lakin gələcəkdə su enerjisindən istifadə ekoloji problemlərə gətirib çıxara bilər ki, buna görə də su ehtiyatlarının daha səmərəli şəkildə istifadə olunması məqsədəuyğundur. Coğrafi mövqeyimiz günəş, külək, geoterminal və biokütlə enerji mənbələrinin resurslarından istifadə etməyə imkan verir".

Azərbaycanda reallaşdırılan "Bir ev - bir stansiya", hibrid tipli elektrik stansiyaları və aqroenerji yaşayış kompleksi layihələri kimi işlər Gürcüstan tərəfinin marağına səbəb olub.

Görüşün sonunda Azərbaycan və Gürcüstan arasında müvafiq işçi qruplarının yaradılması qərara alınıb, alternativ və bərpa olunan enerji mənbələri sahəsində perspektivlər müəyyənləşdirilərək gələcəkdə belə görüşlərin intensiv keçirilməsi və təcrübə mübadiləsinin aparılması üçün razılıq əldə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti