...

"Azərikimya" İB-də ixtisaslı gənc kadrlara xüsusi diqqət yetirilir (FOTO)

Energetika Materials 2 Sentyabr 2015 15:49 (UTC +04:00)
“Azərikimya” İstehsalat Birliyi SOCAR-ın strukturuna daxil edildikdən sonra bütün sahələri əhatə edən yeniləşmə və inkişaf strategiyası özünü kadr siyasətində də göstərməyə başladı.
"Azərikimya" İB-də ixtisaslı gənc kadrlara xüsusi diqqət yetirilir (FOTO)

Azərbaycan, Bakı, 2 sentyabr /Trend/

"Azərikimya" İstehsalat Birliyi SOCAR-ın strukturuna daxil edildikdən sonra bütün sahələri əhatə edən yeniləşmə və inkişaf strategiyası özünü kadr siyasətində də göstərməyə başladı. Yeni qurğu və avadanlıqların quraşdırılması, kompüter sistemi ilə idarəetmə - eyni zamanda bu qurğu və avadanlıqları problemsiz işlədə biləcək yeni ixtisaslı fəhlə və ali təhsilli mühəndis kadrlarına tələbatın yaranmasına gətirib çıxardı.

Bugünkü yazımızda "Azərikimya" İB-nın Etilen-polietilen zavoduna yeni işə qə­bul olunmuş ali təhsilli gənc mühəndislərin ikisi ilə dəyərli oxucularımızı tanış etmək qərarına gəldik.

Süleymanov Ənvər İntiqam oğlu

1 aprel 1992-ci ildə Bakı şəhərində anadan olub. Şəhər 236 saylı orta məktəbi bitirdikdən sonra Xəzər Universitetinin Neft-qaz mühəndisliyi fakültəsinə daxil olub. 2015-ci ilin fevral ayında universiteti mühəndis-mexanik ixtisası üzrə bitirən Ənvər bir ay "Azərikimya" İB-nin Etilen-polietilen zavodunda təcrübədə olub. 11 avqust 2015-ci il tarixindən isə zavodun Etilenin qəbulu və sıxılması sahəsinə 9-cu dərəcəli mexanik kimi işə qəbul olunub.

- Kimyaçılar ailəsində özünü necə hiss edirsən?

- Çox rahat. Elə bilirəm ki, bir ay yox, bir neçə ildi bir yerdə işləyirik.

- Bu rahatlıq hardan gəlir?

- Kollektivin səmimiyyətindən, kimyaçılar ailəsinin mehribançılığından.

- Kimya sənayesinin ağırlığı gözünü qorxutmur ki?

- Xeyir. Çünki gözəl insanların əhatəsindəyəm. Elə bir çətinliyim yoxdur. Bir çətinliyim olan kimi də sahə rəisi Malik Məmmədov, sahə rəisinin müavini Rəhim Əkbərov, mexanik Kamal Quliyev, avadanlıqların təmiri və emalı sahəsinin rəis müavini Mətləb Ağayev və digər təcrübəli məsləkdaşlarım köməyimə çatırlar. İkinci bir tərəfdən də mən ümumiyyətlə, işdən qorxmayan bir adamam. Xəzər Universitetində Təhsil aldığım müddətdə də "Saat & saat" kompaniyasında menecer, "Avanqard Recruiting" şirkətində baş menecer, gimnaziyada kompüter operatoru kimi sərbəst qrafiklə fəaliyyət göstətərək, qazandığım zəhməthaqqı ilə təhsillə bağlı məsələlərimi həll etmişəm.

- Bu sahəni seçməyində kiminsə məsləhəti olubmu?

- Bir başa olmasa da dolayısıyla olub. Babamın və əmimin neft-kimya sahəsində çalışmaları uşaqlıqdan məndə bu sahəyə həvəsin və marağın yaranmasına vəsilə olub. Ümumiyyətlə, ailəmiz zəhmətkeş ailədir. Atam da, anam da, bacım da işləyirlər. "İş insanın cövhəridir" - belə bir atalar sözü var. Bu atalar sözü bizim ailənin hər bir üzvünün həyat devizidir. Boş vaxtlarımda da mütaliə ilə məşğul olur, texniki kitablar oxuyuram. Çaışıram ki, ötən hər günü səmərəli keçirim.

- İdmana münasibətiniz necədir?

- Uşaq vaxtlarımdan idmanın bir neçə növü ilə ciddi məşğul olmuşam. İdmanın Jui Jitsu növü üzrə respublika çempionuyam. Həmçinin basketbol üzrə institutun yığma komandasının kapitanı olmuşam.

- Gələcəkdə özünü harada görmək istərdin?

- Ümumiyyətlə, taleyimi neft-kimya sahəsi ilə bağlamaq, dünyanın aparıcı şirkətlərindən olan SOCAR-da karyeramı möhkəmlətmək istəyirəm.

- Demək istədiyin başqa bir şey varmı?

- Bizə burada - Etilen-polietilen zavodunda normal, təhlükəsiz iş şəraiti yaradılıb, fərdi mühafizə vasitələri ilə təmin olunmuşuq, əmək müqaviləmiz, tibbi sığortamız var, təhlükəsizlik texnikası üzrə təlimatlandırılmışıq, rəhbərliyin diqqət və qayğısını həmişə üzərimizdə hiss edirik - bütün bunlara görə aidiyyəti insanların hər birinə dərin minnətdarlığımı bildirirəm.

Aslanova Sevil Əsgər qızı

29 dekabr 1993-cü ildə Bakı şəhərində anadan olub. Şəhər 153 saylı orta məktəbi 2011-ci ildə bitirərək, Azərbaycan Dövlət Neft Akademiyasının Kimya-texnologiya fakültəsinə daxil olub. 2015-ci ilin may ayında bu ali təhsil ocağını kimya mühəndisliyi ixtisası üzrə bitirib. May ayının 12-dən iyun ayının 12-nə kimi Etilen-polietilen zavodunun Sintez, kompressor, qablaşdırma sahələri də daxil olmaqla Polietilen istehsalatının bütün sahələrində istehsalat təcrübəsində olub. 11 avqust 2015-ci il tarixindən zavodun Polietilen istehsalatının sintez sahəsinə 9-cu dərəcəli texnoloq kimi işə qəbul olunub. Doğma Azərbaycan dili ilə yanaşı rus və ingilis dillərini də yaxşı bilir.

- "Azərikimya"ya gəlişin necə oldu?

- Bu ilin mart ayında "Azərikimya"dan ADNA-ya mütəxəssislər gələndə mən də o görüşdə iştirak edirdim, hətta çıxış da etdim. Fərdi müsahibə-söhbətlərdə verilən sualları ətraflı cavablandırdığıma görə mən də bir aylıq təcrübə üçün seçilənlərin siyahısına düşmüşdüm. Nəticə etibarilə də artıq bir işçi kimi buradayam.

- Nədən məhz "Azərikimya"?

- İxtisasıma uyğunluq baxımından və "Azərikimya" sırf kimya sənayesi olduğundan əmək faəliyyətinə buradan başlamağa qərar verdim. Bu həm də mənə nəzəri biliklərimi təcrübədə tətbiq etmək imkanı yaradır. Digər tərəfdən də mühəndis ailəsində böyüdüyümdən - atam, əmim, əmioğlanlarım mühəndis olduqlarından bu iş mənə çox doğma gəlir.

- İlk ayın təssüratlarını bölüşmək istərdinmi?

- İş şəraitim yaxşıdır, kollektivdən razıyam, hərtərəfli qayğı ilə əhatə olunmuşam. Hamı öz doğma övladı kimi diqqət göstərir mənə. Hər hansı bir çətinliyim olanda xidmət sahəsinin rəisi Bəşir Muxtarovdan, sahə rəisinin müavini Şirəli Həmidovdan məsləhət alıram. Bir də istərdim ki, "Azərikimya" İB-nin İcraçı direktorunun Kadr, rejim və informasiya texnologiyaları üzrə müavini Xalıq Mustafayevə və Etilen-polietilen zavodunun direktoru Oqtay Niftəliyevə bizim təşəkkürlərimizi çatdırasınız. Onların bizə olan səmimiyyəti, mehribançılığı, qayğıkeşliyi bizi işimizə daha möhkəm tellərlə bağlayır.

- Boş vaxtlarında nə ilə məşğul olursan?

- Bakıdan gəlib-getdiyimə görə əslində o qədər də boş vaxtım olmur. İstirahət günlərində də ara-sıra rəfiqələrimlə, dostlarla görüşür, kompüterlə məşğul olur, ingils və rus dili üzrə biliklərimi təkmilləşdirirəm.

Sintez sahəsinin rəisi Teymur Axundovun dediklərindən:

- Sevil xanım çalışqan, məsuliyyətli, özünə qarşı tələbkar işçidir. Kifayət qədər məlumat bazası var. İşə başlayandan sonra rəhbərliyin təlimatına uyğun olaraq altı aylıq proqram tutmuşuq, o proqrama uyğun olaraq da bir az sərbəstlik vermişik. Tez-tez müxtəlif mövzularla bağlı müzakirələr aparırıq. Ümumilikdə münasibət bildirmək hələ tez olsa da gələcəyinə inanıram. Bakıdan gəlməsinə baxmayaraq işə Sumqayıtda yaşayanlardan da tez gəlir. Düzünə qalsa çoxdan idi ki, bu qəbildən olan kadrlara rast gəlmirdik. Güman edirəm ki, belə məsuliyyətli, nizam-intizamlı, yeniliyə can atan və əzmkar gənclərin hesabına müəssisənin kadr ehtiyacını ödəyə biləcəyik.

Biz də öz növbəmizdə hər iki gəncə fəaliyyətlərində uğurlar, kimya sənayesinin adını öz əməli fəaliyyətləri ilə daha uca zirvələrə yüksəltmələrini arzu edirik.

Rafiq Oday

Məqalədə:
Xəbər lenti

Xəbər lenti