Bakı. Maksim Tsurkov - Trend:
Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlov Azərbaycan və Almaniya arasında alternativ və bərpa olunan enerji sahəsi üzrə təcrübə mübadiləsi, layihələndirmə və tikinti, sənaye müəssisələri arasında əməkdaşlığın inkişafı məqsədilə Almaniyanın Drezden, Berlin və Münhen şəhərlərinə işgüzar səfərdə olub.
Bu barədə Trend agentliyin saytına istinadən məlumat verir.
Səfər çərçivəsində Almaniyanın qabaqcıl şirkətləri ilə baş tutmuş görüşlər zamanı yaxın gələcəkdə inşası nəzərdə tutulan eko-şəhərciklərdə yaşayış və inzibati binaların dam örtükləri Azərbaycanın "Azgüntex" günəş panelləri zavodunun məhsullarının istifadəsi barədə razılıq əldə olunub.
Qeyd edək ki, 2012-ci ildən fəaliyyət göstərən "Azgüntex" Günəş Panelləri zavodu Avropa ölkələrinin aparıcı şirkətlərinin ən müasir texnologiyaları əsasında yaradılmış, 50 mvt gücündə günəş panelləri istehsal etmək potensialına malikdir. Avtomatlaşdırılmış texnologiyalar vasitəsilə istehsal olunan günəş modullarının üstünlüyü möhkəmliyi, yüksək faydalı iş əmsalının olması və son model polikristallik hücrə texnologiyasından istifadəsi ilə seçilir.