...

Rövnəq Abdullayev: Azərbaycanın polipropilen və polietilen məhsullarına tələbatı ödəniləcək (FOTO)

Energetika Materials 9 Mart 2016 18:36 (UTC +04:00)
Etilen-polietilen zavodunun yenidən qurulması layihəsi çərçivəsində müqavilə imzalanıb.
Rövnəq Abdullayev: Azərbaycanın polipropilen və polietilen məhsullarına tələbatı ödəniləcək (FOTO)

Bakı. Trend:

Martın 9-da SOCAR-ın baş ofisində "Azərikimya" İstehsalat Birliyinin Etilen-polietilen zavodunun yenidən qurulması layihəsi çərçivəsində Birlik ilə "Technip Italy" şirkəti arasında detallı mühəndislik və təchizata dəstək xidmətləri üzrə ilkin işlərə dair müqavilənin imzalanma mərasimi keçirilib.

Trend-in SOCAR-ın saytına istinadən verdiyi məlumata görə, mərasimdə şirkətin prezidenti Rövnəq Abdullayev, İtaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ciampaolo Kutillo, "Technip Italy" şirkətinin baş icraçı direktoru Marko Villa, hər iki şirkətin rəhbər nümayəndələri iştirak ediblər.

SOCAR-ın prezidenti R.Abdullayev qonaqları salamlayaraq, Etilen-polietilen zavodunun yenidən qurulması layihəsi çərçivəsində görülmüş işlərdən bəhs edib. Bildirib ki, həyata keçiriləcək tədbirlər nəticəsində mövcud texnoloji qurğular modernləşdiriləcək, yeni qurğular inşa olunacaq, nəticədə Birliyin istehsal gücü artacaq, Sumqayıtda tikintisinə başlanılmış Polipropilen və Polietilen qurğuları xammalla təmin ediləcək, ölkənin bu məhsullara tələbatı ödəniləcək, ixrac potensialı artacaq, texnoloji prosesin stabil və təhlükəsiz istismarının gücləndirilməsi, xammal və hazır məhsulların keyfiyyətinin yüksəldilməsi təmin olunacaq.

R.Abdullayev qeyd edib ki, mərhələli olaraq 2019-cu ilə qədər davam etdiriləcək layihələndirmə və tikinti işlərinin mürəkkəbliyi nəzərə alınaraq, Piroliz qurğusu üzrə əsas lisenziarlardan biri olan, habelə piroliz qurğularının rekonstruksiyası üzrə dünyada, o cümlədən MDB ölkələrində böyük təcrübəyə malik "Technip Italy" şirkəti detallı mühəndislik və təchizata dəstək üzrə ilkin işlərə cəlb edilib.

Mərasimdə vurğulanıb ki, yenidənqurma layihəsi ölkədə müasir standartlara cavab verən məhsulların istehsalına, digər tərəfdən, bu işlərə yerli resursların cəlb edilməsi nəticəsində yeni iş yerlərinin açılmasına və əhalinin sosial durumunun yüksəlməsinə, dövlət büdcəsinin gəlirlərinin artırılmasına, Sumqayıtın ekoloji vəziyyətinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına səbəb olacaq.

Daha sonra sənədin imzalanma mərasimi keçirilib. Müqaviləni "Azərikimya" İB-nin Müşahidə Şurasının sədri Muxtar Babayev və "Technip Italy" şirkətinin baş icraçı direktoru M.Villa imzalayıblar. Bununla da "Technip Italy" şirkəti Etilen-polietilen zavodunun yenidən qurulması layihəsi çərçivəsində detallı mühəndislik və təchizata dəstək üzrə ilkin işlər üçün podratçı qismində fəaliyyətə başlayıb.

Qeyd edək ki, baş ofisi Parisdə yerləşən "Technip" şirkəti mühəndislik, təchizat, tikinti və müxtəlif xidmətlər üzrə dünyanın aparıcı qurumlarından biridir. Şirkət 1997-ci ildən Azərbaycanda mühəndislik xidmətləri göstərib, o cümlədən "Şahdəniz" və NQENKK kimi irimiqyaslı layihələrdə iştirak edib. Şirkət hazırda "Azərikimya" İB-nin Etilen-polietilen zavodunun yenidən qurulması layihəsi ilə yanaşı, Transadriatik (TAP) boru kəməri layihəsi üzrə idarəetmə və konsaltinq xidmətlərini də həyata keçirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti