...

Azərbaycan və İndoneziya energetika üzrə yeni sənəd imzalayacaqlar

Energetika Materials 29 Mart 2016 17:20 (UTC +04:00)
Azərbaycan Energetika Nazirliyində energetika nazirinin müavini Natiq Abbasov və İndoneziyanın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Hüsnan Fanani, eləcə də İndoneziyanın Xarici İşlər Nazirliyinin analitiklərindən ibarət nümayəndə heyəti arasında görüş keçirilib.
Azərbaycan və İndoneziya energetika üzrə yeni sənəd imzalayacaqlar

Bakı. Maksim Tsurkov - Trend:

Azərbaycan Energetika Nazirliyində energetika nazirinin müavini Natiq Abbasov və İndoneziyanın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Hüsnan Fanani, eləcə də İndoneziya Xarici İşlər Nazirliyinin analitiklərindən ibarət nümayəndə heyəti arasında görüş keçirilib.

Trend-in Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, görüşdə Azərbaycan və İndoneziya arasında enerji əməkdaşlığının tədqiqi, Azərbaycanın enerji sektoruna sərmayə qoyuluşu imkanları və təcrübə mübadiləsi kimi məsələlər ətrafında müzakirələr aparılıb. 1 fevral 2016-cı il tarixində Bakı şəhərində keçirilən "İndoneziya-Azərbaycan Energetika Forumu"nun əhəmiyyətindən bəhs edən N.Abbasov Azərbaycanın öz enerji təhlükəsizliyini tam təmin etdiyini, neft-qazla yanaşı, həm də elektrik enerjisi ixrac edən ölkəyə çevrildiyini diqqətə çatdırıb.

Nazir müavini bildirib ki, bu gün Azərbaycanın təşəbbüsü ilə nəinki regionun, hətta Avropa qitəsinin enerjiyə tələbatının təmin olunması üçün nəhəng layihələr reallaşdırılır. O, SOCAR-ın (Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti) İndoneziyada müxtəlif layihələr həyata keçirdiyini xatırladaraq bildirib ki, Azərbaycan İndoneziya ilə enerji sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlıdır. İndoneziya nümayəndə heyətinin üzvləri ölkələrinin neft sahəsinə investisiya qoyuluşu, qaz idxalı və ixrac edilən neftin həcminin artırılmasına maraq göstərdiyini, mövcud imkanlar çərçivəsində bu məsələlərin reallaşma perspektivlərini diqqətə çatdırıblar.

N.Abbasov enerji əməkdaşlığının genişləndirilməsi üçün "Azərbaycan Respublikası Hökuməti və İndoneziya Respublikası Hökuməti arasında energetika və mineral ehtiyatlar sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nun imzalanmasının vacibliyini qeyd edib. Bildirilib ki, İndoneziya tərəfi layihəyə son təkliflərini göndərib və hazırda sənəd üzərində hazırlıq işləri yekunlaşmaq üzrədir.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti