Sumqayıt. Maksim Tsurkov - Trend:
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Sumqayıtda karbamid zavodunun tikintisinin maliyyələşdirilməsi üçün Almaniyanın Deutsche Bank, Fransanın Société General və İtaliyanın UniCredit banklarını cəlb etmək niyyətindədir. Trend-in məlumatına görə, bunu zavodun direktoru Xəyal Cəfərov deyib.
Layihənin maliyyələşdirilməsindən danışan X.Cəfərov onun ümumi həcminin 700-750 milyon avro təşkil etdiyini, ilk mərhələdə 205 milyon manatın Azərbaycanın dövlət büdcəsindən ayrıldığını bildirib.
X.Cəfərov qeyd edib ki, bundan sonra 201 milyon avro məbləğində kredit cəlb olunub: "Hazırda 300 milyon əlavə kreditin cəlb olunması üçün danışıqlar aparılır”.
Ümumilikdə 500 milyon avro kreditin cəlb olunacağını deyən zavod direktoru, kreditin 51 faizinin Cənubi Koreyanın EksimBankı tərəfindən təmin olunduğunu, digər hissələrin Almaniyanın Deutsche Bank, Fransanın Société General və İtaliyanın UniCredit bankları tərəfindən təqdim olunacağını bildirib.
Karbamid zavodunun tikintisi 2017-ci ilin sonunda başa çatacaq.