Bakı. Trend:
“Abşeron” yatağı Azərbaycanın qaz potensialının əlavə mənbəyi olacaq. Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev fevralın 23-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısında çıxışı zamanı deyib.
Dövlətimizin başçısı qeyd edib: “Bizim tərəfdaşlarımıza, – müxtəlif dövlət, şirkət və təşkilat nümayəndələrinə, - bu gün bizimlə birlikdə olduqlarına görə öz dərin minnətdarlığımı bildirirəm. Bu, Məşvərət Şurasının üçüncü toplantısıdır və bu yığıncaq artıq yaxşı bir ənənəyə çevrilmişdir. Həyat sübut etmişdir ki, belə toplantının çox vacib mənası var. Biz yalnız görülmüş işləri nəzərdən keçirmirik. Ən əsası odur ki, gələcəklə bağlı planlar qurur və səylərimizi əlaqələndiririk. Əlaqələndirmə olmazsa biz uğur əldə edə bilmərik”.
İlham Əliyev bildirib ki, Cənub Qaz Dəhlizinin bütün dörd seqmenti paralel şəkildə həyata keçirilir. Buna görə də layihənin dəqiq icrası və vaxt qrafikinə riayət olunması ən vacib məsələlərdəndir:
“Son dəfə biz ötən il ərzində Bakıda görüşmüşük. Həmin vaxtdan bəri bir çox hadisələr baş vermişdir, layihənin icrası ilə bağlı yaxşı irəliləyiş var. Mənə verilən son məlumata görə, “Şahdəniz-2” layihəsi üzrə işlərin təqribən 90 faizi, Cənubi Qafqaz boru kəməri üzrə 80 faizə yaxını, TANAP 65 faiz və Transadriatik kəməri üzrə isə 34 faizi icra edilmişdir. Bu, yaxşı irəliləyişin göstəricisidir. Ötən ilin fevralında nazirlər səviyyəsində keçirilmiş ikinci toplantı zamanı mövcud olan vəziyyəti götürsək, bu gün böyük irəliləyişin şahidi olarıq. Bu, layihənin uğurlu icrasının vacib göstəricisidir. Bununla yanaşı, Bakıdakı sonuncu görüşümüzdən bəri, növbəti, böyük “Abşeron” qaz layihəsi üzrə işlərə başlanılmışdır. Biz yataqla bağlı praktiki işlərə, yəni, qazma işlərinə başlamağı planlaşdırırıq və “Abşeron” yatağının birinci mərhələsi üzrə qaz potensialı artıq hesablanıb”.
Prezident vurğulayıb ki, “Abşeron” yatağı Azərbaycanın qaz potensialının əlavə mənbəyi olacaq:
“Bu, ilk növbədə, bizim qaz potensialımızın “Şahdəniz” ilə məhdudlaşmadığını nümayiş etdirir. Halbuki “Şahdəniz” dünyanın ən nəhəng qaz yataqlarından biridir və onun ehtiyatı 1,2 trilyon kubmetrdir. Ancaq bu, “Şahdəniz-2” layihəsinin icrasının digər layihələrin reallaşdırılması baxımından nə dərəcədə əhəmiyyətli olduğunu nümayiş etdirir. Müasir nəqletmə infrastrukturu olmadan digər qaz yataqlarına sərmayələrin cəlb edilməsi çətin olardı. Bütün bunlar hamımızın mənafeyinə xidmət edir. Çünki yaradılmaqda olan şəbəkə vasitəsilə nə qədər çox qaz nəql edilsə, biz - dövlətlər və şirkətlər bundan bir o qədər bəhrələnəcəyik”.