Bakı. Trend:
Heydər Əliyev adına Yarımdalma Qazma Qurğusu 23 fevral 2018-ci il tarixində “Kaspian Drilinq Kompani” şirkətinin Dəniz Təchizatı və Logistika Bazasından Abşeron yatağında qazıntı işləri aparmaq üçün dənizə yola salındı.
Şirkətdən Trend-ə verilən məlumata görə, 1400 atmosfer təzyiqinə davamlı, altıncı nəsil Heydər Əliyev adına Yarımdalma Qazma Qurğusunun inşaatı 2017-ci ilin may ayında başa çatıb. Azərbaycan dövlətinə məxsus Heydər Əliyev adına Yarımdalma Qazma Qurğusunun tikintisi “Kaspian Drilinq Kompani” şirkəti tərəfindən həyata keçirilmişdir və bundan sonra onun menecmenti altında fəaliyyət göstərəcək.
Heydər Əliyev adına Yarımdalma Qazma Qurğusu SOCAR və TOTAL şirkətlərinin pay sahibi olduğu Abşeron qaz yatağında ABX-2 quyusunda tamamlama işlərini yekunlaşdırdıqdan sonra ABD001 quyusunu qazacaq. Bu da Abşeron yatağından ilk qazın hasil edilməsinə gətirib çıxaracaq.
Yola salınma münasibətilə Heydər Əliyev adına Yarımdalma Qazma Qurğusunun tikintisini həyata keçirən və tikintini idarə edən “Kaspian Drilinq Kompani” şirkətinin heyəti, şirkətin Baş Direktoru Fərid Axundov, TOTAL şirkətinin Azərbaycan üzrə direktoru Denis Lemarşal və şirkətin əməkdaşlarının iştirakı ilə yola salma mərasimi keçirildi və Heydər Əliyev adına Yarımdalma Qazma Qurğusu dənizə yola düşdü.