Bakı. Trend:
Energetika naziri Pərviz Şahbazov Boliviyanın ev sahibliyi ilə videokonfrans formatında keçirilən Qaz İxrac Edən Ölkələr Forumu (Gas Exporting Countries Forum-GECF) Nazirlərinin 23-cü Görüşündə iştirak edib. Nazir çıxışında dünyada karbon emissiyalarının azaldılması və iqlim dəyişikliyinə qarşı mübarizədə qlobal səylərə Azərbaycanın davamlı dəstəyini ifadə edib.
Nazirlikdən Trend-ə verilən məlumata görə, bu çərçivədə enerji balansında bərpa olunan enerjinin mövqeyini möhkəmləndirən istiqamətlərin ölkənin Milli Prioritetləri və sosial-iqtisadi inkişaf strategiyasında əksini tapması, Azərbaycanın Qlazqoda COP 26 İqlim Konfransında yeni hədəflərlə çıxış etməsi atılan addımlara nümunə olaraq diqqətə çatdırılıb. Bildirilib ki, Azərbaycan Paris Sazişi ilə təsbit olunan və Qlazqo İqlim Paktı ilə dəstəklənən qlobal istiləşməni 1,5 dərəcə civarında saxlamaqla bağlı qlobal məqsədə bir daha sadiqliyini bəyan edib.
Bununla yanaşı energetika naziri aşağı karbonlu enerji mənbəyi kimi təbii qazın enerji transformasiyasında mühüm rolu və hazırkı enerji böhranı fonunda karbohidrogenlərin enerji təhlükəsizliyinin təminatında güclənən əhəmiyyətindən də bəhs edib: “Enerji mənbələrinin şaxələndirilməsinə əsaslanmadan dayanıqlı enerji təchizatı mümkün deyil və enerji resurslarının müxtəlifliyi hər zaman olduğu kimi indi və gələcəkdə də enerji bazarında sabitliyin təminatıdır. Enerji böhranlarına yol açan şoklara qarşı dayanıqlı olmaq üçün karbohidrogenlərin enerji balansında qalmasının həyati vacibliyi mövqeyindəyik. Hesab edirik ki, ədalətli enerji keçidi ənənəvi enerji mənbələrinin istifadədən çıxarılması ilə deyil, onunla birgə mümkün ola bilər.”
Azərbaycanın enerji siyasətinin hər zaman dünyada enerji təhlükəsizliyinə, sabitliyə, beynəlxalq əməkdaşlığa və inkişafa xidmət etmək məqsədini izlədiyini vurğulayan nazir bildirib ki, Cənub Qaz Dəhlizi məhz belə bir siyasətin töhfəsidir. Bu ilin on ayı ərzində Azərbaycan bu marşrutla 14 milyard kubmetrdən çox təbii qaz ixrac edib ki, bu həcmin təxminən yarısı Avropa istehlakçıları tərəfindən istifadə edilib.
Təşkilata üzv və müşahidəçi ölkələrin nümayəndələrinin iştirakı ilə keçirilən nazirlər iclası üç sessiyada işini davam etdirib. Tədbirdə GECF-in İdarə Heyətinin və Katibliyinin 2021-ci il üzrə hesabatı dinlənilib, qaz bazarında mövcud vəziyyətə və 2050-ci ilə qədər inkişaf proqnozlarına dair təqdimatlar nəzərdən keçirilib, təşkilatın 2022-ci il üzrə büdcəsinin təsdiqi, 2022-ci il üçün GECF-in nazirlər iclasının prezidentinin, İdarə Heyətinin üzvlərinin təyin edilməsi, növbəti il nazirlərin 24-cü görüşü və Qətərdə keçirilməsi nəzərdə tutulan GECF-in VI Sammiti ilə bağlı məsələlər müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.
Qeyd edək ki, Azərbaycan 2015-ci ildən Qaz İxrac Edən Ölkələr Forumunda müşahidəçi statusunda iştirak edir.