...

Gələn il Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycan iqtisadiyyatını daha fəal maliyyələşdirəcək

Energetika Materials 29 Dekabr 2022 11:09 (UTC +04:00)
Gələn il Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycan iqtisadiyyatını daha fəal maliyyələşdirəcək
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2023-cü ildə Azərbaycanla bağlı əsas strateji prioritetlərini saxlamaq niyyətindədir.

Bunu Trend-ə eksklüziv müsahibəsində AYİB-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kamola Mahmudova bildirib.

“Bu, o deməkdir ki, biz ölkənin qeyri-neft sektorunun inkişafına, yerli kreditorların gücləndirilməsinə, həmçinin yaşıl iqtisadiyyata investisiyaların artırılmasına və regional əməkdaşlığın genişləndirilməsinə diqqəti davam etdirəcəyik”, - deyə o qeyd edib.

K.Mahmudovanın sözlərinə görə, 2023-cü ildə Bank həm özəl, həm də dövlət sektorunu maliyyələşdirərək daha da fəallaşacaq.

“Hazırda hazırlanmaqda olan layihələrə davamlı infrastruktur, aqrobiznes, maliyyə institutları və “yaşıl” enerji daxildir. Lakin indiki mərhələdə biz dəqiq rəqəmlər deyə bilmərik, çünki bu layihələrdən bəziləri hələ də hazırlıq mərhələsindədir”, - deyə o əlavə edib.

M.Mahmudova bildirib ki, ilin sonuna qədər daha bir sazişin imzalanacağını nəzərə alsaq, bu il Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycana yatırdığı investisiyalar 90 milyon avronu keçəcək.

O qeyd edib ki, bu investisiyaların təxminən yarısı özəl sektorun payına düşür:

“İnvestisiyaların sahələr üzrə bölgüsü belədir: 25 faiz hər biri dayanıqlı infrastruktur, media və telekommunikasiya sektorlarına, qalanı isə aqrobiznes, istehsal və xidmət sahələrinə, maliyyə institutlarına düşür”.

Yeni tərəfdaş-banklar

Onun sözlərinə görə, AYİB hazırda 2023-cü ildə bir sıra Azərbaycan bankları ilə əməkdaşlıq imkanlarını nəzərdən keçirir. Mahmudova bildirib ki, yerli banklar müsbət maliyyə göstəricilərinə nail olsalar, AYİB yaxın vaxtlarda onlara yeni kreditlər təklif edə biləcək.

"Hazırda biz ticarətin maliyyələşdirilməsi və kiçik və orta sahibkarlığın kreditləşdirilməsi üzrə tərəfdaş banklarımızın siyahısını genişləndirmək imkanlarını nəzərdən keçiririk", - deyə o bildirib.

Mahmudova vurğulayıb ki, AYİB 2019-2024-cü illər üçün Azərbaycan üzrə ölkə strategiyasına uyğun olaraq maliyyə bazarlarının inkişafı vasitəsilə yerli maliyyə institutlarının dayanıqlığının artırılmasını hədəfləyir:

“Bu, bank sektorunda sabit maliyyələşdirmə strukturuna və sağlam risklərin idarə edilməsi təcrübəsinə gətirib çıxarır. Bu məqsədlərə nail olmaq üçün AYİB beynəlxalq maliyyə institutlarının istiqrazlarının, “yaşıl” istiqrazların və derivativlərin/sekyuritizasiyaların buraxılması üçün maliyyə bazarlarında şəraitin yaxşılaşdırılması üzrə Azərbaycan Mərkəzi Bankı ilə fəal danışıqlar aparır”.

Bundan əlavə, E.Mahmudova bildirib ki, AYİB Azərbaycanda iki texniki yardım proqramını - kənd təsərrüfatının maliyyələşdirilməsi mexanizmi və 2018-2022-ci illər üçün maliyyə İnstitutlarının potensialının gücləndirilməsi proqramını həyata keçirib. Maliyyə institutlarının potensialının gücləndirilməsi proqramı 2019-2022-ci illər ərzində həyata keçirilib və yerli banklara daxili təcrübələrindəki boşluqları aşkarlamağa, habelə yerli banklara bu boşluqları aradan qaldırmağa imkan verəcək müvafiq fəaliyyət planlarını hazırlamağa kömək edib.

AYİB-in azad edilmiş ərazilərdəki layihələrdə iştirakının mümkünlüyü haqqında

AYİB-in Azərbaycanın işğaldan azad edilmiş ərazilərində “yaşıl” zonanın yaradılması layihəsində iştirakının mümkünlüyünü şərh edən Kamola Mahmudova qeyd edib ki, AYİB bankın siyasəti və standarları baxımından uyğunluq meyarlarına cavab verən yeni infrastruktur layihələrinin öyrənilməsində maraqlıdır:

“Bu meyarlar ekoloji aspektlərdən, davamlılıq aspektlərindən tutmuş satınalma və maliyyəyə qədər geniş spektrli məsələləri əhatə edir. Siyahı genişdir və hər bir layihə diqqətli qiymətləndirmə tələb edir. Buna görə də, hökumətdən belə bir sorğu aldıqdan sonra biz bütün imkanları fərdi qaydada, digər beynəlxalq maliyyə institutları ilə razılaşdırmaqla və layihə ərazisinə təhlükəsiz giriş şərti ilə qiymətləndirəcəyik (bildiyimiz kimi, qanunsuz silahlı qruplar tərəfindən ərazilərin minalanması bu günə qədər davam edir)”.

“Yaşıl enerji”nin inkişafına dəstək

Kamola Mahmudova qeyd edib ki, AYİB Azərbaycanın yeni şəhərlərində “yaşıl” investisiyaları genişləndirməyi planlaşdırır.

“AYİB-in “Yaşıl Şəhərlər” proqramı - son illərdə böyük populyarlıq qazanmış qabaqcıl proqramdır. Hazırda 50-dən çox şəhər öz infrastruktur və ekoloji problemlərini həll etmək üçün bu unikal proqrama qoşulub. Bildiyiniz kimi, Gəncə Azərbaycanda AYİB-in “Yaşıl Şəhərlər” proqramına qoşulan ilk və indiyədək yeganə şəhərdir və bu il biz orada iki layihəyə imza atmışıq. Bu layihələr şəhərə bərk məişət tullantılarının toplanması və küçələrin işıqlandırılması infrastrukturunda olan çatışmazlıqları aradan qaldırmağa kömək edəcək”.

Onun sözlərinə görə, AYİB Gəncə üçün “Yaşıl Şəhər” Fəaliyyət Planını hazırlamağa başlayıb və onun gələn il hazır olacağı gözlənilir.

“Fəaliyyət Planında infrastruktur investisiyalarının tam siyahısı və Gəncə sakinlərinin üzləşdiyi ən aktual problemlərin həlli istiqamətində görülən tədbirlər öz əksini tapacaq. Paralel olaraq, Bankın yeni şəhərlərə və infrastruktur sektorlarına yaşıl və aşağı karbonlu investisiyalarını genişləndirmək üçün Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə sıx əlaqə saxlayırıq. Nazirliklə birlikdə Gəncədə və Azərbaycanın digər bölgələrində yeni layihələri nəzərdən keçiririk”, - deyə Mahmudova bildirib.

Azərbaycanda hidrogen təsərrüfatı haqqında

Mahmudova bildirib ki, AYİB Azərbaycanda aşağı karbonlu hidrogen iqtisadiyyatı bazarının tədqiqinin nəticələrinə dair hesabat hazırlayır:

“Hazırda hesabat hazırlanır və biz onun yaxın aylarda yekunlaşacağını gözləyirik”.

Mahmudova qeyd edib ki, hidrogen üzrə əməkdaşlıq çərçivəsində AYİB hidrogen istehsalı potensialının qiymətləndirilməsində Azərbaycan hökumətinə dəstək verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti