Bakı. Trend:
Azərbaycanın yaşıl hidrogeninin tənzimlənən qiyməti digər bazarlarla müqayisədə rəqabətqabiliyyətli ola bilər.
Trend-in məlumatına görə, bu barədə bu gün Azərbaycan Respublikasının Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (ABOEMDA) direktor müavini Kamran Hüseynov "Yaşıl hidrogen - dekarbonizasiyaya gedən yol" seminarı zamanı "Hidrogen ekoloji cəhətdən təmiz enerjiyə keçid vasitəsi kimi" mövzusunda panel müzakirəsində deyib.
"Ölkədə hidrogenin yerləşməsinin əsas xüsusiyyətləri arasında Azərbaycanın qaz kəməri infrastrukturu vasitəsilə Avropanın qaz bazarları ilə lazımı səviyyədə əlaqəli olduğunu qeyd etmək olar. Cənub Qaz Dəhlizi təbii qazla qarışıq olan hidrogenin enerji bazarlarına nəqlində istifadə oluna bilər. Yaşıl hidrogen tədarükünün digər variantı sərbəst H2 boru kəməri ola bilər. Bərpa olunan enerji istehsalının nisbətən aşağı qiymətini nəzərə aldıqda Azərbaycanda yaşıl hidrogenin tənzimlənən qiyməti (LCOH) digər bazarlarla müqayisədə rəqabətqabiliyyətli ola bilər. Bundan başqa, digər ölkələrlə dəmir yolu və boru kəməri əlaqələrini nəzərə aldıqda yaşıl ammiyakın və yaşıl hidrogenin istehsalı və ixracı da bir variant olaraq nəzərdən keçirilə bilər", - o deyib.
O, ammiyak və metanol istehsalının, elektrik enerjisinin hasilatı və mərkəzləşdirilmiş istilik təchizatının Azərbaycanda yaşıl hidrogenin mümkün tətbiq sahələri olduğunu qeyd edib.