...

ABŞ Azərbaycanın enerji sahəsində etibarlı təchizatçı rolunu dəstəkləyir

Energetika Materials 3 Aprel 2023 14:59 (UTC +04:00)
ABŞ Azərbaycanın enerji sahəsində etibarlı təchizatçı rolunu dəstəkləyir

Bakı. Trend:

Aprelin 2-4-ü tarixlərində Azərbaycanda səfərdə olan ticarət katibinin qlobal bazarlar üzrə köməkçisi və ABŞ və xarici ticarət xidmətlərinin baş direktoru Arun Venkataraman, aprelin 3-də Azərbaycanın energetika rəsmiləri ilə birgə ABŞ-Azərbaycan Yaşıl Enerji Forumunun işində iştirak etmişdi. Dövlət Departamenti, Azərbaycan Energetika Nazirliyi, Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi və AZPROMO arasında tərəfdaşlığın nümunəsi olan bu forum, bölgədə yaşıl enerjiyə dair həll yollarının, strategiyaların və imkanların inkişafına nəzər yetirərək və ABŞ-nin bərpa olunan enerji sahəsində çalışan şirkətlərinə geniş imkanlar təklif edəcək.

ABŞ-nin Azərbaycandakı səfirliyindən Trend-ə verilən məlumata görə, forumda Azərbaycanın yaşıl enerji ekosisteminin inkişafında marağı olan doqquz ABŞ şirkəti iştirak edir. Texniki və maliyyə təcrübəyə malik bu şirkətlər Azərbaycana neft və qazdan iqtisadi asılığının azaldılması habelə günəş və külək enerji imkanları da daxil olmaqla ölkənin güclü bərpa olunan enerji potensialından yararlanmağa dəstək verməyə hazırdır. Bərpa olunan enerjinin resursları və energetika sahəsində tətbiq olunan səmərəli yanaşmalar karbon qazı tullantılarının aşağı salınmasına və Azərbaycanın ətraf mühitə dair tutduğu hədəflərin əldə olunmasına öz töhfəsini verəcək.

Forumda açılış nitqi ilə çıxış edən energetika nazirinin müavini Elnur Soltanov bildirib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin müxtəlif enerji mənbələrinin inkişafı üçün doğru zaman seçimi, uzaqgörən siyasi qərar və qətiyyətli addımlarının ardıcıllığı, bir-birini tamamlaması nəinki özümüzün, eyni zamanda tərəfdaşlarımızın enerji təhlükəsizliyinə töhfə verir və “yaşıl enerji”yə problemsiz keçidə təminat yaradır. Çıxış zamanı bərpa olunan enerji sahəsində strateji hədəflər, görülən genişmiqyaslı işlər və reallaşdırılan layihələr haqqında məlumat verilib. Nazir müavini Soltanov həmçinin qeyd edib: “2040-cı ilədək mərhələli şəkildə istifadəyə verilməsi planlaşdırılan bu istehsal gücləri tələbatımızdan, potensialımız isə yaradılacaq güclərdən dəfələrlə çoxdur. “

Ticarət Katibinin Köməkçisi Venkataraman Yaşıl Enerji Forumunda çıxış edərkən söyləmişdi: “Mühüm əhəmiyyət daşıyan forum zamanı ABŞ şirkətləri Azərbaycanda yaşıl enerji sahəsində çalışmağa maraqları barədə birbaşa danışacaq. ABŞ-in ticarət departamenti habelə ABŞ-in özəl sektoru Azərbaycana yaşıl enerji sahəsində müəyyən etdiyi hədəfləri əldə etməsi üçün dəstək verməyə hazırdır. ABŞ-in Azərbaycanla yaşıl enerji sahəsində əməkdaşlıq etməsi habelə emissiya səviyəsi yüksək olan sektorlarda karbon tullantılarının aşağı salınmasına dair öhdəliyinə sadiq olması barədə danışarkən, Ticarət Katibinin köməkçisi qeyd etmişdir: “Prezident Bayden iqlim dəyişikliyinin qarşısının alınması məqsədilə 2050-ci il üçün Birləşmiş Ştatlarda ətraf mühitə tullantıların səviyyəsini sıfıra çatdırmaq öhdəliyini öz üzərinə götürmüşdür. Cari administrasiya iqlim dəyişikliyi probleminin ünvanlanması üçün bütün hökümət qurumları arasında əlaqələndirilmiş yanaşmanı tətbiq edir.”

Forumda çıxış edən ABŞ Səfirliyinin Müvəqqəti İşlər Vəkili Hüqo Qevara qeyd etmişdi: “Bu forum bizim eneji sahəsində əməkdaşlığımızın gücləndirilməsi və yaşıl enerji sahəsində çalışan ABŞ və Azərbaycan şirkətlərinin arasında əlaqələrin yaradılmasının sayəsində ABŞ-Azərbaycan ikitərəfli iqtisadi münasibətlərinin artmasına vacib imkan yaradır. ” Azərbaycanın Avropa enerji təhlükəsizliyində oynadığı vacib rolu vurğulayaraq, Qevera söyləmişdir: “Enerji sahəsi həmişə bizim iqtisadi əməkdaşlığımızın vacib hissəsi olub və ABŞ Azərbaycanın enerji sahəsində etibarlı təchizatçı rolunu dəstəkləyir. Bu forum Azərbaycanın yaşıl enerji potensialının tam mənimsəməsi üçün texniki və təmzimləyici innovasiyaların həyata keçirilməsinə yardım edəcək.”

Hizer Bürns, Ticarət Departamentinin Avrasiya məsələri üzrə baş müşaviri qeyd etmişdi: “Forumun təşkilatında olan məqsədimiz Azərbaycanın investorlarına ABŞ-in texniki təchizatçılarının dəstəyi sayəsində ölkənin yaşıl enerji imkanlarını inkişaf etdirməkdir. Dünyada neft və qaz hasil edən ölkələr karbon qazı tullantılarının azaldılması üçün yaşıl enerji layihələrini həyata keçirir. Bizim yalnız bir planetimiz var və biz birgə işləyərək qlobal istiləşməni nəzarət altında saxlamalıyıq.”

Səfər zamanı ticarət katibinin köməkçisi Venkataraman həmçinin Azərbaycanın energetika, nəqliyyat və iqtisadiyyat sahəsində çalışan yüksək səviyyəli rəsmilər ilə görüşlər keçirəcək və ABŞ və Azərbaycan arasında daha geniş ticarət və investisiyalar imkanlarını müzakirə edəcək. Ticarət katibinin köməkçisi Venkataraman bir sıra ABŞ şirkətləri ilə görülər keçirməyi və onların yerli biznes mühitində fəaliyyətləri barədə məlumat almağı habelə ticarət tərəfdaşlığının vacibliyini vurğulamağı planlaşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti