Bakı. Trend:
"Atlantic Council"in yeni hesabatı Avropanın enerji təhlükəsizliyini gücləndirmək və Rusiya qazına olan asılılığı azaltmaq üçün bir sıra mühüm tövsiyələr təqdim edir. Xüsusilə hesabatda Trans-Adriatik qaz kəməri (TAP) və Türkiyənin enerji resurslarının nəqli baxımından strateji rolu ön plana çəkilib.
Trend xəbər verir ki, hesabatda TAP və Trans-Anadolu qaz kəmərinin (TANAP) illik ötürücülük qabiliyyətinin 16 milyard kubmetrdən 31 milyard kubmetrədək artırılması təklif edilir. Bu, Türkiyə vasitəsilə Avropaya daha çox qeyri-Rusiya qazının nəqlini mümkün edəcək və qitənin enerji təhlükəsizliyini gücləndirəcək.
Digər tövsiyələr belədir:
Enerji əlaqələrinin normallaşdırılmasını dəstəkləmək üçün Türkiyə ilə Yunanıstan arasındakı bağlantını yeniləmək,
Cənubdan şimala qazın geridönüşlü tədarük imkanlarını təmin etmək məqsədilə Trans-Balkan qaz kəmərinin texniki modernizasiyasını həyata keçirmək,
Mərkəzi Avropa ölkələrinə, məsələn, Sloveniya, Macarıstan və Bosniya-Herseqovinaya Türkiyə infrastrukturundan istifadə edərək, sıxılmış təbii qaz (LNG) tədarükünü artırmaq,
Birgə seminarlar, mütəxəssis mübadiləsi proqramları və ixtisasartırma layihələri vasitəsilə Avropa Enerji Tənzimləyiciləri Agentliyi ilə Türkiyə Enerji Bazarının Tənzimləmə İdarəsi arasında əməkdaşlığı gücləndirmək,
Qara dəniz regionunda enerji sahəsində əməkdaşlığın genişləndirilməsi, Şərqi Avropa və Mərkəzi Avropa ölkələri ilə Türkiyənin qazı üzrə yeni ixrac sazişlərinin bağlanması, Rusiyanın təsirini zəiflədərək Türkiyənin enerji mərkəzi rolunu gücləndirəcək.
Şərqi və Mərkəzi Avropaya tədarükün artırılması üçün Sakarya yatağında qaz istehsalını artırmaq,
Rusiya nüvə yanacağından asılılığı azaltmaq üçün Türkiyə enerji sistemində kiçik modul reaktorları tətbiq edərək gücü 5 geqavatta çatdırmaq.
Külək və günəş enerjisi, həmçinin, yaşıl hidrogen istehsalı daxil olmaqla, Avropa Yaşıl Kursuna uyğun olaraq bərpa olunan enerji layihələrinə investisiyaları artırmaq,
Türkiyənin strateji mövqeyindən istifadə edərək, Türkmənistan, Şimali İraq və Şərqi Aralıq dənizindən qazın yeni nəqli yollarını inkişaf etdirmək.
Hesabata əsasən, bu tədbirlər Avropanın enerji təhlükəsizliyini gücləndirəcək və Türkiyənin enerji resurslarının əsas tranzit və istehsal mərkəzi kimi mövqeyini möhkəmləndirəcək.
Qeyd edək ki, Trans-Adriatik qaz kəməri (TAP) Cənubi Qaz Dəhlizinin Avropa hissəsidir və qazı İtaliya, Yunanıstan və Bolqarıstana daşıyır. İlkin güc 10 milyard kubmetr təşkil edir, lakin 20 milyard kubmetrə qədər artırıla bilər. 2022-ci ildə Azərbaycan və Avropa Komissiyası arasında Cənubi Qaz Dəhlizinin gücünü 2027-ci ilə qədər ikiqat artırmağı nəzərdə tutan anlaşma memorandumu imzalanıb.