Bakı. Trend:
2024-cü ilin əvvəlindən neft hasilatını könüllü olaraq sutkada 2,2 milyon barel azaldan səkkiz OPEC+ ölkəsi aprel ayında planlaşdırılan hasilatın bərpasına başlanmasını yerində saxlamaq qərarına gəlib.
Trend-in məlumatına görə, bu barədə OPEC-in açıqlamasında bildirilib.
Məlumata əsasən, könüllü olaraq hasilatı azaldan ölkələrə Rusiya, Səudiyyə Ərəbistanı, İraq, BƏƏ, Küveyt, Qazaxıstan, Əlcəzair və Oman daxildir. Bu ölkələrin nümayəndələri martın 3-də neft bazarındakı vəziyyəti təhlil etmək üçün onlayn görüş keçiriblər.
Könüllü istehsal məhdudiyyətlərindən mərhələli çıxış 2025-ci ilin aprelindən 2026-cı ilin sentyabrına qədər davam edəcək. Eyni zamanda, OPEC+ ehtimal edir ki, hasilatın artımı dayandırıla bilər və ya ittifaq ölkələri bazardakı vəziyyətdən asılı olaraq yenidən ixtisarlara qayıda bilər.