Bakı. Trend:
Qərbi Balkanlar üçün şaxələndirmə və enerji təhlükəsizliyinin əhəmiyyətini nəzərə alaraq, Şimali Makedoniya Cənub-Şərqi Avropa ölkələri arasında qaz təchizatı üçün regional əlaqələndirmə platformasının yaradılması imkanını nəzərdən keçirməyi təklif edəcək.
Bunu Trend-ə Şimali Makedoniyanın energetika, dağ-mədən sənayesi və təbii sərvətlər naziri Sanya Bojinovska Cənub Qaz Dəhlizi üzrə Məşvərət şurasının aprelin 4-də Bakıda keçiriləcək iclası ərəfəsində verdiyi özəl müsahibədə bildirib.
“Bu təşəbbüs regional enerji təhlükəsizliyinin yaxşılaşdırılmasına və infrastruktur layihələrinin daha yaxşı sinxronlaşdırılması vasitəsilə nəqliyyat və təchizat imkanlarının optimallaşdırılmasına yönəlib. Şimali Makedoniya həm elektrik enerjisi istehsalında, həm də sənaye və yaşayış sektorlarında qazın daha səmərəli istifadəsini təmin edəcək layihələrin həyata keçirilməsini dəstəkləyəcək”, - deyə o bildirib.
Nazir vurğulayıb ki, Şimali Makedoniya Cənub Qaz Dəhlizini Avropada təbii qazın enerji təhlükəsizliyinin, sabitliyinin və təchizatın şaxələndirilməsinin təmin edilməsi üçün strateji əhəmiyyətli təşəbbüs kimi nəzərdən keçirir.
“Qaz infrastrukturunu fəal şəkildə inkişaf etdirən, regional və Avropa qaz şəbəkələrinə inteqrasiya olunan ölkə kimi Şimali Makedoniya bu təşəbbüsün gələcək inkişafının dəstəklənməsində aydın bir baxışa malikdir. İnfrastruktur investisiyaları, uzunmüddətli sazişlər, regional əməkdaşlıq və enerji keçidinə dəstək vasitəsilə ölkə həm regionun, həm də daha geniş Avropa Birliyinin maraqları naminə sabit, təhlükəsiz və davamlı enerji bazarının yaradılmasına töhfə verməyə çalışır”, - deyə Bojinovska bildirib.
X: @Lyaman_Zeyn