...

Türkiyədə SOCAR-a məxsus neft emalı zavodunda LPG istehsalında kəskin artım qeydə alınıb

Energetika Materials 29 May 2025 17:17 (UTC +04:00)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ilin mart ayında Azərbaycanın Dövlət Neft Şirkətinə (SOCAR) məxsus olan, Türkiyədə yerləşən STAR neft emalı zavodu təqribən 21 200 ton mayeləşdirilmiş neft qazı (LPG) istehsal edib.

Trend bu barədə Türkiyənin Enerji Bazarlarının Tənzimlənməsi Qurumunun (EPDK) məlumatlarına istinadən xəbər verir.

Bu, 2024-cü ilin mart ayında istehsal olunmuş 14 068 ton mayeləşdirilmiş neft qazı (LPG) ilə müqayisədə 50,6 faiz çoxdur.

Eyni zamanda, 2025-ci ilin mart ayında STAR zavodu 821 588 tondan çox xam neft idxal edib ki, bu da 2024-cü ilin eyni ayı ilə müqayisədə (931 834 ton) aşağı göstəricidir.

Zavodda təxminən 587 000 ton dizel yanacağı istehsal olunub, onun da təxminən 11 000 tonu biodizel tərkibli olub.

Bundan əlavə, təxminən 129 600 ton nafta və 65 200 ton neft koksu istehsal edilib. Müəssisədə həmçinin 31 100 ton neft emalı qazı, 11 400 ton ağır vakuum qazoylu və 5 700 tondan çox yüksək kükürdlü dizel yanacağı, eləcə də digər məhsullar əldə olunub.

Qeyd edək ki, STAR neft emalı zavodu 2018-ci il oktyabrın 19-da fəaliyyətə başlayıb. O, neft emalı və neft-kimya sənayesinin inteqrasiyasını təmin edir və Türkiyədə real sektora yatırılan ən böyük investisiyadır.

2024-cü ilin sonundan zavodun neft emalı gücü ildə 13 milyon tona çatıb. STAR Neft Emalı Zavodu dizel, nafta, təyyarə yanacağı da daxil olmaqla müxtəlif neft məhsulları istehsal edir və 2023-cü ildə Türkiyənin emal olunmuş neft məhsullarına ehtiyacının təxminən 18 faizini ödəyib. İllik nafta istehsalı Petkim neft-kimya kompleksinin xammala olan tələbatını demək olar ki, tam ödəyir.

X: @Lyaman_Zeyn

Məqalədə:
Xəbər lenti

Xəbər lenti