...

Hörmüz boğazının tam bağlanması ehtimalı az olsa da, bu risk bazarda dəyişkənliyi artırır - Rystad Energy

Energetika Materials 14 İyun 2025 11:41 (UTC +04:00)
Hörmüz boğazının tam bağlanması ehtimalı az olsa da, bu risk bazarda dəyişkənliyi artırır - Rystad Energy
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Yaxın Şərqdə geosiyasi gərginliyin artması cümə günü neft qiymətlərinin yüksəlməsinə səbəb olub. Bu, İsrailin İrana qarşı qabaqlayıcı zərbəsindən sonra bazarın mümkün nəticələrə hazırlaşması ilə əlaqəlidir. Həmin zərbə iki ölkə arasında qarşıdurmanın əvvəlki dinamikasını dəyişmiş sayılır.

Trend xəbər verir ki, “Rystad Energy”nin geosiyasi təhlil şöbəsinin rəhbəri Xorce Loenun sözlərinə görə, İsrailin zərbəsi regional dinamikanın dəyişməsi anlamına gəlir və neft risk- əlavəsini bir barel üçün 8 dollara qədər yüksəldib.

“Bazar İranın reaksiyasını diqqətlə izləyir. Əgər az ehtimal olunan ssenaridə İran Hörmüz boğazı vasitəsilə neft tədarükünü pozarsa, təklifdə ciddi bir şokla və qiymətlərin kəskin artımı ilə üzləşə bilərik”, – deyə o qeyd edib.

Analitik vurğulayıb ki, əvvəlki hallardan fərqli olaraq bu dəfə ilk addımı atan İsrail olub. Əvvəllər İran hücumu başlayır, İsrail cavab verirdi. Bu isə bazarın riskləri və mümkün eskalasiyanı necə qəbul etməsinə ciddi təsir göstərə bilər.

Xorxe Leon Hörmüz boğazının hələ də əsas gərginlik nöqtəsi olduğunu vurğulayıb.

“Bu dar boğazdan hər gün təxminən 12 milyon barel neft daşınır, bunun 80 faizindən çoxu Asiya bazarlarına istiqamət alır. Neft məhsullarını da əlavə etsək, ümumi daşımalar 20 milyon barelə çata bilər. Səudiyyə Ərəbistanı və BƏƏ kimi ölkələrin Hörmüz boğazını keçmədən neft nəql etməyə imkan verən infrastruktur layihələri, xüsusilə East-West və Habsan-Fuceyra neft kəmərləri olsa da, onların ümumi ötürmə qabiliyyəti hazırkı tədarük həcminin təxminən yarısını əhatə edir”,- deyə o əlavə edib.

Xorxe Leon xatırladıb ki, İran dəfələrlə Hörmüz boğazını bağlamaqla hədələsə də, heç vaxt tammiqyaslı blokada gerçəkləşdirməyib. Əvvəllər Tehran GPS siqnallarının pozulması, tankerlərin saxlanılması kimi tədbirlərə əl atıb ki, bu da dəniz daşımalarına risk yaradıb, lakin ixracatın tamamilə dayandırılmasına gətirib çıxarmayıb. Boğaz Omanla birgə idarə olunur və mütəxəssisin sözlərinə görə, İranın naviqasiyanı pozmağa yönəlik istənilən cəhdi təkcə Fars körfəzi Ərəb Dövlətləri Əməkdaşlıq Şurasına üzv ölkələrin yox, həm də Çin kimi iri neft idxalçılarının ciddi təpkisinə, kəskin beynəlxalq reaksiya yol açacaq.

Analitik hesab edir ki, Hörmüz boğazının tam bağlanması ehtimalı azdır, lakin belə bir ssenarinin mümkünsüz olmaması belə bazarda dəyişkənliyi artırır və geosiyasi amillərin qlobal enerji bazarının formalaşmasındakı rolunu önə çıxarır.

Qeyd edək ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən, İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.

Elə həmin günün axşamı, İran “Həqiqi Vəd III Əməliyyatı” ilə Israilə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə 150-dən çox ballistik raket və 100-dən çox pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti