...

Hörmüz boğazında artan risklərlə əlaqədar neft qiymətləri kəskin bahalaşa bilər - ING

Energetika Materials 16 İyun 2025 11:51 (UTC +04:00)
Hörmüz boğazında artan risklərlə əlaqədar neft qiymətləri kəskin bahalaşa bilər - ING
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

İsraillə İran arasında yaşanan hərbi gərginliyin bundan sonra daha da artacağı, xüsusilə də Hörmüz boğazından tədarüklərdə pozuntuların ortaya çıxacağı təqdirdə dünya neft qiymətlərində kəskin artım baş verə bilər.

Trend xəbər verir ki, bu barədə Niderlandın ING bank qrupu son analitik icmalında qeyd edir.

Bazar ertəsi səhər neft qiymətləri ardıcıl dördüncü gün artmağa davam edib. İsrail və İran arasında toqquşmaların intensivləşməsi enerji təhlükəsizliyi ilə və qlobal tədarüklərdə mümkün pozuntularla bağlı narahatlıqları artırıb.

Bu həftəsonu İsrail İranın daxili enerji infrastrukturuna bir sıra zərbələr endirib. Nəticədə "Cənubi Pars" yatağı ilə əlaqəli təbii qaz emalı qurğusu müvəqqəti olaraq sıradan çıxıb, 14-cü fazanın quruda yerləşən zavodunda güclü partlayış və yanğın baş verib, dənizdə yerləşən hasilat platformalarından biri isə fəaliyyətini dayandırıb.

Zərbələr İranın ixrac infrastrukturuna təsir etməsə də, ING analitikləri qeyd edirlər ki, ölkə daxilindəki obyektlərə edilən hücumlar belə tədarükdə pozuntuların meydana gəlməsi riskini artırır — xüsusilə də İranın qlobal neft bazarındakı əhəmiyyətli rolu nəzərə alınsa. ABŞ-ın sanksiyalarına baxmayaraq, İran gündəlik 3,3 milyon barrel hasilatla hələ də OPEK-in hasilat həcminə görə üçüncü ən böyük üzvüdür və təxminən 1,7 milyon barrel neft ixrac edir.

“Bu həcmlərin itirilməsi dördüncü rüb üçün əvvəldən proqnozlaşdırılan artıqlığı aradan qaldıracaq”, – ING-nin icmalında qeyd olunur. Analitiklər bildirirlər ki, hücumlar davam edərsə, təklif çatışmazlığı sürətlə daha da dərinləşə bilər.

Bank OPEK-in sutkada 5 milyon barrel ehtiyat hasilat gücünun potensial sabitləşdirici amil ola biləcəyini qeyd edir. Lakin ciddi tədarük pozuntuları baş verərsə, bu güclər planlaşdırıldığından daha erkən istifadəyə verilməlidir ki, qiymət artımının qarşısını almaq mümkün olsun.

ING-nin fikrincə, əsas təhlükə dünya üzrə dəniz yolu ilə daşınan neftin təxminən üçdə birinin keçdiyi Hörmüz boğazı vasitəsilə naviqasiyanın pozulması ehtimalıdır. Bu strateji əhəmiyyətli marşruta qarşı istənilən təhdid neft qiymətlərinin sürətli artımına səbəb ola bilər.

Geosiyasi vəziyyətin kəskinləşməsi fonunda spekulyativ fəaliyyət də artım müşahidə olunur. Son məlumatlara əsasən, ICE Brent fyuçersləri üzrə xalis uzun mövqelər bir həftə ərzində 29 159 kontrakt artaraq 196 922-yə çatıb ki, bu da 1 apreldən bəri maksimum göstəricidir. NYMEX WTI kontraktları üzrə isə xalis uzun mövqelər 16 056 kontrakt artaraq 179 134-ə çatıb, bu da yanvar ayının sonundan bəri ən yüksək səviyyədir.

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən, İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.

Elə həmin günün axşamı, İran “Həqiqi Vəd III Əməliyyatı” ilə Israilə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti