...

Azərbaycan və Gürcüstan qaz ixracına dair saziş imzalaya bilər

Energetika Materials 27 Dekabr 2005 18:51 (UTC +04:00)

Yaxın vaxtlarda Azərbaycan və Gürcüstan həmin ölkəyə qaz ixracına dair saziş imzalaya bilər. Trend bildirir ki, dekabrın 27-də Azəriqaz QSC-nin sədri Əlixan Məlikov bu barədə bəyan edib.

Onun sözlərinə görə, ötən həftə Gürcüstan baş nazirinin rəhbərliyi ilə həmin ölkə nümayəndələri Azərbaycanın sənaye və energetika nazirliyində bu məsələ ilə bağlı danışıqlar aparıb.

"Dövlət başçısı bizə Azərbaycandan Gürcüstana və əks istiqamətdə fövqəladə vəziyyətlərdə qaz tədarükü üçün şərait yaradılmasını tapşırıb. Hazırda Gürcüstana qaz tədarükü müqaviləsi nəzərdən keçirilir və yaxın vaxtlarda müqavilənin imzalanması gözlənilir" -deyə o bildirib.

Ə.Məlikov qeyd edib ki, Gürcüstan Azərbaycana İran qazının idxalı layihəsi çərçivəsində tranzit ölkə kimi iştirak etməyi təklif edib. "Bu, mümkündür, amma biz istəmirik ki, Gürcüstana qaz tədarükü İran qazını alan Naxçıvan MR-ə qaz təchizatı ilə bağlı olsun.Biz Gürcüstana qaz nəqli ilə bağlı xidmət göstərə bilərik. Bu məsələ konkret həllini tapmayıb" -deyə Ə.Məlikov bildirib.

O, həm də qeyd edib ki, Gürcüstana qaz nəqlində texniki çətinliklər mövcuddur. "Biz Gürcüstan tərəfinə öz imkanlarımızı təqdim etmişik. Qərb istiqamətində bizdə bir boru kəməri vardır və biz bunun köməyilə Mingəçevir elektrik stansiyasının qaz təchizatını həyata keçiririk. Biz qış mövsümündə bu stansiyanı daha çox qazla təmin etməliyik. Gürcüstana qaz tədarükünü paralel aparmaq olar.Biz Gürcüstana 12 atmosfer təzyiqi ilə sutkada 2 mln. m3 qaz verə bilərik" -deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti