...

ARDNŞ elektron nəzarət və avtomatlaşdırma sistemləri quraşdırır

Energetika Materials 21 Aprel 2006 16:00 (UTC +04:00)

"Azneft" Dövlət Neft Şirkətindən Trend agentliyinə verilən məlumata əsasən, ARDNŞ-də istehsal prosesi üzərində avtomatik nəzarət və elektron idarəçiliyin gerçəkləşdirilməsi üçün nəzarət-ölçü qurğuları və avtomatlaşdırma şöbəsi yenidən fəaliyyətə başlayıb.

Hazırda bütün iri obyektlərin kompüter və mikroprosessor sistemlərlə təchizi davam edir ki, bu da düzgün və operativ məlumat alma, qəza zamanı avadanlığın avtomatik söndürülməsi, yanğın və partlayışların qarşısının alınmasına xidmət edəcək.

İstifadə olunan sistemlər həmçinin, neft hasilatının səmərəliyinin artırılmasına imkan verəcək. Yarım il əvvəl "Qum adası" NQHİ-də avtomatik nəzarət sistemi quraşdırılıb ki, nəticədə "Bahar" yatağında neft hasilatı artıb.

Qazlift quyularının yüksək təzyiqli qazla təminatı üçün yaxın vaxtlarda analoji sistemlər 1 saylı kompressor stansiyasında quraşdırılacaq.

Hazırda "Azneft"in 6 kompressor stansiyası avtomatik nəzarət və idarə sistemlərilə təchiz olunub. "Günəşli" yatağındakı 10 platformada avtomatik qaz vermə sistemi var. Belə sistemlərin quraşdırılması üzrə layihə "Neftqazavtomat" Sümqayıt Elmi-İstehsalat Birliyi tərəfindən hazırlanır.

Xəbər lenti

Xəbər lenti