...

Azərbaycan yataqlarında gərgin ekoloji vəziyyət yaranıb

Energetika Materials 6 Fevral 2007 19:00 (UTC +04:00)

Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Ekologiya idarəsinin təşəbbüsü ilə "Səmərəli Ekoloji Fəaliyyət mexanizminin qurulması və əməkdaşlıq istiqamətləri" mövzusunda seminar-müşavirə keçirilib. Trend xəbər verir ki, bu barədə ARDNŞ-dən məlumat verilib.

İdarə başçısı Soltan Əliyevin qeyd etdiyi kimi, 200 ildən artıq müddət ərzində istismar edilən bir çox Azərbaycan yataqlarında gərgin ekoloji vəziyyət yaranıb, torpaq sahələri neft, lay suları, qazma şlamı və s. ilə yararsız hala salınıb.

Hazırda Abşeron yarımadasında təxminən 33 hektardan artıq neftlə çirklənmiş torpaq sahələrinin təmizlənməsi prosesinə start verilib. Ekologiya idarəsi Abşeron yarımadasının miqyaslı ekologiya xəritəsini hazırlayıb, eləcə də Muradxanlı yatağında çirklənmiş torpaqların rekultivasiyasını həyata keçirib, Abşeron yarımadasında yerləşən neft və qazçıxarma idarələrinin fəaliyyət zonalarında neftlə və digər istehsal tullantıları ilə çirklənmiş əraziləri müəyyənləşdirib.

Bu il idarə atmosfer havasının nəqliyyat vasitələrindən atılan zəhərli qazlarla çirklənməsinin qarşısını almaq məqsədilə nəqliyyat vasitələrinin texniki vəziyyətinə nəzarətin gücləndirilməsi üçün 3 ədəd stasionar ölçü məntəqəsinin yaradılması işilərini də həyata keçirmək niyyətindədir. İdarənin ekoloji monitorinq departamentinin başçısı Maqsud Babayevin qeyd etdiyi kimi, hazırda Xəzər dənizinin Azərbaycan sektorunun böyük bir hissəsində xarici neft şirkətləri fəaliyyət göstərir. Bu səbəbdən də onların da işinə nəzarət olunmalıdır. Bu şirkətlərin ekoloji qaydalara riayət etmələri üçün mühüm tədbirlər həyata keçirilməlidir.

ARDNŞ prezidentinin Ekoloji məsələlər üzrə müşaviri Fəxrəddin Cəfərov öz çıxışında şirkət rəhbərliyinin ekoloji problemlərin həllində maraqlı olduğunu bildirib. O həmçinin qeyd edib ki, bu problemlər yalnız iş birliyi, idarə və müəssisələrlə səmərəli fəaliyyət mexanizminin qurulması nəzticəsində aradan qaldırıla bilər.

Xəbər lenti

Xəbər lenti