Gürcüstan, Tbilisi /müx. Trend N.Kirtsxalia/ Azərbaycanın "Regular" markalı avtomobil benzini bu gündən etibarən "LUKOYL" şirkətinin Gürcüstandakı yanacaqdoldurma stansiyalarında satılmağa başlayıb.
Bu markalı benzinin 1 litrinin qiyməti 1.30 laridir ($0.75). Bu, Avropada istehsal olunan həmin markalı benzinin qiymətindən 0,15 lari ucuzdur.
"LUKOYL" yanacaqdoldurma stansiyalarının əməkdaşlarının bildirdiyinə görə, Azərbaycan benzini satışa çıxarılandan sonra ona tələbat 15-20 faiz artıb.
"LUKOYL" Azərbaycanın istehsalı olan "Regular" markalı benzini "SOCAR Georgia Petroleum"dan alır. "SOCAR Georgia Petroleum" Azərbaycandan Gürcüstana benzin idxal edən yeganə şirkətdir. "Regular" markalı benzinin topdan satış qiyməti bir litr üçün 1.22 lari təşkil edir.
"SOCAR Georgia Petroleum" Azərbaycan Dövlət Neft Şirkətinin törəmə şirkətidir. Benzin ARDNŞ-in tərkibində olan Heydər Əliyev adına Neft Emalı Zavodunda (keçmiş "Azərneftyanacaq") istehsal olunur.