...

Qazaxıstanın energetika naziri: "Avropanı burada böyük bazar olduğu üçün qiymətləndirmək lazımdır"

Energetika Materials 30 İyul 2007 11:59 (UTC +04:00)
Qazaxıstanın energetika naziri: "Avropanı burada böyük bazar olduğu üçün qiymətləndirmək lazımdır"

Qazaxıstan, Astana /müx. Trend K.Konırova/ Qazaxıstanın energetika və mineral resurslar naziri Baktıkoja İzmuxambetovla eksklüziv müsahibə

- Əvvəllər siz bəyan edirdiniz ki, bu ilin iyununda "Kaşaqan" layihəsinin operatoru İtaliyanın "Eni" şirkəti rəsmən yataqdan ilk neftin çıxarılmasının yeni tarixlərini elan edəcək. Lakin KİV-də hələlik hər hansı bəyanat səslənməyib...

- "Eni" artıq ötən ayın sonunda - 29 iyunda bizə rəsmi cavab verdi. Bu cavabda göstərilirdi ki, "Kaşaqan"dakı neft hasilatının tarixi iki il müddətinə təxirə salınıb - 2008-ci ildən 2010-cu ilin ikinci yarısınadək. Bu, əlavə hazırlıq işlərinin aparılması zərurəti ilə bağlıdır. Bu işlər yataqda işləyənlərin və ətrafda yaşayanların, habelə ətraf mühitin təhlükəsizliyinin maksimum qorunması məqsədi daşıyır...

Bu, doğrudan da dünyada ən iri layihədir. Onun nə həcm, nə də mürrəkəblik baxımından analoqu yoxdur. Özünüz fikirləşin: layihənin gerçəkləşməsi ilə biz gündə 1,2-dən 1,5 milyon barel, yəni ildə 70 milyon ton neft əldə etməyi düşünürük. Və bu yalnız bir yataqdan hasil olunacaq neftdir! Müqayisə üçün deyim ki, son ildə respublika ümumilikdə 65 milyon ton neft əldə etməyi bacarıb.

Ona görə də nazirlik yalnız indi "Eni"dən bizə gələn bütün sənədləri əldə edərək layihənin yeni xərclərini araşdırmağa başlayıb.

- Artıq necə ildir ki, KTK səhmdarları boru kəmərinin genişləndirilməsi ilə bağlı danışıqlar aparırlar. Bəzi ekspertlər tərəflərin nə vaxtsa kompromisə gələcəyini şübhə altına alırlar. Bununla bağlı mövqeyiniz necədir?

- Mən o dərəcə pessimist mövqedə dayanmıram. Zənnimcə, son 1,5 il ərzində mübahisəli məsələlərin həllində əhəmiyyətli irəliləyiş əldə olunub. Mən danışıqlara başlayanda həll edilməmiş məsələlərin sayı 20 idi. İndi isə onların saya 3-4-ə qədər enib.

- Qazaxıstandan nə tələb olunur?

- Rusiyalıların əsas tələbi bu layihəyə yatırılan vəsaitlərin, yəni borcların geri qaytarılmasıdır. Onların ümumi məbləği $5,2 milyarda bərabərdir. Qazaxıstanın borcu isə $500 milyondan bir qədər azdır. "Transneft" ümumi borcun dəyəri miqdarında avrobondlar buraxmağı və bununla da problemi həll etməyi təklif etdi. Hazırda xüsusi olaraq bu məqsədlə yaradılan komissiya müvafiq təklifi nəzərdən keçirir.

İkinci tələb tariflə bağlıdır. Yəni elə bir tarif tətbiq edilməlidir ki, boru kəməri zərərli olmasın və özünü maliyyələşdirə bilsin. Layihəyə görə tarif $38/ton-dək olmalıdır. Biz iqtisadi effektivliyin artırılması ilə bağlı təklifləri KTK-nın genişləndirilməsi kontekstində nəzərdən keçirməyi təklif edirik. Odur ki, danışıqlar davam etdirilir ...

- Qazaxıstan hüquqi cəhətdən hələ ötən ilin yayında Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinə qoşulub. Azərbaycan prezidenti İlham Əliyevin Astanaya səfəri öncəsi Qazaxıstan neftinin BTC ilə nəqlinin vaxt və həcmini müəyyənləşdirməli olan nəqliyyat sazişinin üzərindəki iş aktivləşdi. Bu layihənin konsepsiyası nədən ibarətdir?

- Dərhal onu deyə bilərəm ki, Atırau - Samara və KTK ilə müqayisədə BTC ilə neftin nəqli bizə daha baha başa gələcək. Çünki xərclər çox olacaq. Lakin istənilən halda Qafqaz marşrutu bizə lazımdır, çünki 2010-cu ildə bizdə neft hasilatı həcmi artacaq, KTK-nın imkanları isə məhduddur. "Tengiz" yatağının işlənilməsi mərhələsinin başlanğıcı ilə, yəni 2008-ci ildən respublika 8-10 milyon ton artıq neft hasil edəcək. 2009-cu ildə, tam rejimə keçiddən sonra müvafiq həcm 23- 25 milyonadək artacaq.

Unutmayın ki, "Tengiz"dən başqa bizim digər perspektiv layihələrimiz var: "Jemçujina", "Ataş", "Tyub-Karaqan", "Kurmanqazı". Ona görə də bütün bunlar tələb edir ki, neftimizin nəqli ilə bağlı məsələni öncədən düşünək.

- İlk Qazaxıstan nefti Bakı-Tbilisi-Ceyhanla nə vaxt ötürüləcək?

- 2010-cu ildən tez olmayaraq. "Kaşaqan"da neft hasil olunanadək biz Qazaxıstanın Xəzər Nəqliyyat Sisteminin (QXNS) inşasının yekunlaşacağını gözləyirik.

- BTC ilə bağlı nəqliyyat razılaşması hansı mərhələdədir?

- Hər şey qrafik üzrə gedir. Hazırda tərəflərin sazişi üzərində iş gedir. İnvestorlarımız Azərbaycan və Qazaxıstan hökumətləri ilə saziş imzalamalıdırlar. Orada bütün məsələlər əks olunmalıdır: təhlükəsizliyin təminatı, nəqliyyatla bağlı məqamlar, tariflər ...

- Bəllidir ki, Qazaxıstanın xaricdə neft emalı zavodu almaq, yaxud da tikmək planları var ...

- Doğrudur, Qazaxıstan istər qərbdə, istər şərqdə neft emalı zavodunun alınması ilə bağlı bəzi variantları nəzərdən keçirir. Hazırda biz Avropada bəzi razılaşmalarla bağlı danışıqlar aparırıq.

- Bir ara belə bir fikir səsləndi ki, Avropaya çıxış Qazaxıstan üçün o qədər də maraqlı deyil. Yəni onların elə bir ekoloji yükləmələri var ki, bizə orada işləmək sərf etməyəcək ...

- Bu, doğru mövqe deyil. Avropanı ona görə qiymətləndirmək lazımdır ki, orada çox böyük bazar var. Onların öz nefti və qazı yoxdur. Bu, mütəşəkkil ölkələrdir və onlar öz vergi və digər rejimlərini cəlbedici etmək üçün hər şeyi nəzərə alarlar. İldən ilə burada yeni layihələr yaranacaq, istər yenidənqurma, genişlənmə və yaxud da yeni neft emalı zavodunun tikintisi ....

- Ancaq bəlli olduğu kimi, Qazaxıstan üçün neft emalı zavodunun Ceyhan limanında inşası layihəsi daha real görünür. Gələcəkdə bura ildə 50 milyon tonadək qazax nefti gələcək. Lakin "KazMunayQaz" iki təklif aldı - birini Türkiyə şirkətindən, digərini isə burada zavodun tikintisi ilə bağlı ARDNŞ-dəki azərbaycanlı həmkarlarından. Respublika üçün kiminlə iş görmək daha əlverişlidir?

- Ceyhana gəldikdə, bir yerdə iki, yaxud da üç zavodu tikməyin mənası yoxdur. Rəqabətin olmaması üçün Qazaxıstan, Türkiyə və Azərbaycanın səylərinin birləşdirilməsi nəzərdə tutulur. Hesab edirik ki, üç ölkə üçün bir böyük zavod tikmək daha məqsədəuyğun olar. İndi bununla bağlı danışıqlar aparılır.

Xəbər lenti

Xəbər lenti