...

Karbon emissiyalarının qiymətləndirilməsi güclü alətə çevrilir - BVF

Yaşıl iqtisadiyyat Materials 25 Sentyabr 2024 13:44 (UTC +04:00)
Karbon emissiyalarının qiymətləndirilməsi güclü alətə çevrilir - BVF
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Karbon emissiyalarının qiymətləndirilməsi güclü alətə çevrilir.

Trend xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) nümayəndəsi Marqaret Kotton Bakıda keçirilən karbon emissiyalarının qiymətləndirilməsi üzrə Beynəlxalq Forumda bildirib.

"Biz tez-tez vergi və iqlim siyasətinin hazırlanması haqqında eşidirik, lakin bilirik ki, ən yaxşı layihələndirmə belə düzgün idarəetmə olmadan mənasını itirir. Ümid edirəm ki, forum zamanı bu təşəbbüslərin həyata keçirilməsinin bir çox praktik aspektlərini müzakirə edə biləcəyik. İqlim riskləri makroiqtisadi təsir göstərir. Onlar iqtisadiyyatlara, icmalara və ev təsərrüfatlarına ciddi zərbə vurur, maliyyənin qeyri-sabitliyini artırır və bərabərsizliyi gücləndirir. Yeni iqlim iqtisadiyyatına keçid böyümə və iş yerləri yaratmaq üçün unikal imkanlar açır. Hər birimiz öz töhfəmizi verməliyik", - o qeyd edib.

Onun sözlərinə görə, BVF dekarbonizasiya prosesinin sürətləndirilməsini dəstəkləyir və bu, karbon emissiyalarının qiymətləndirilməsi, zərərli subsidiyaların aradan qaldırılması, siyasətə dəstəyi və fəal əməkdaşlıqdan ibarət kompleks tədbirləri əhatə edir.

"Birincisi, karbon emissiyalarının qiymətləndirilməsinə gəldikdə, bunun işlədiyini görürük. Bu günə qədər 40 ölkədə təxminən 70 təşəbbüs mövcuddur. Karbon emissiyalarının qiymətləndirilməsi güclü bir alətə çevrilir, çünki o, yalnız gəlir gətirmir, eyni zamanda, aşağı karbonlu investisiyalara keçidi və istehlakı ədalətli şəkildə stimullaşdırır. Avropada artıq normativlərə riayət etmə vasitəsilə yüz milyonlarla avro toplanıb və bu vəsait bərabərsizliyin aradan qaldırılması və "yaşıl" inkişafın stimullaşdırılması üçün istifadə oluna bilər", - o vurğulayıb.

Marqaret Kotton qeyd edib ki, karbon vergisinin əsas üstünlüklərindən biri onun çevikliyi və mərhələli olaraq vergilərin artırılması ilə yerli reallıqlara uyğunlaşma imkanıdır.

"BVF, ümumiyyətlə, subsidiyaları dəstəkləməsə də və zərərli subsidiyaların aradan qaldırılmasında israr etsə də, karbon vergisi gəlirlərinin, məsələn, sürətli dekarbonizasiyanı təşviq edən infrastrukturun araşdırılması və inkişafı üçün əsaslandırılmış subsidiyalara yönəldilə bilər", - o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti