Bakı. Trend:
İtaliya su resurslarının idarə edilməsinin yaxşılaşdırılmasının vacibliyini dəstəkləyir.
Trend xəbər verir ki, bu barədə İtaliyanın Azərbaycandakı səfiri Luka Di Canfrançesko ADA Universitetində keçirilən “COP29 işığında kənd təsərrüfatında və su ehtiyatlarının idarə edilməsində dayanıqlılıq və innovasiyalar” adlı beynəlxalq simpoziumda deyib.
"Biz, həmçinin, qlobal istiləşmə və iqlim dəyişikliyi problemlərini effektiv şəkildə həll etmək üçün əsas hədəf olaraq su resursları ilə bağlı infrastrukturu daha səmərəli istifadə edərək, kənd təsərrüfatının artırılmasını dəstəkləməyi də düşünürük", - o bildirib.
Bundan əlavə, səfir son 3 il ərzində İtaliya İnkişaf Əməkdaşlığı Agentliyinin su resursları ilə bağlı 465 milyon avro dəyərində dünya miqyasında 140 layihəni həyata keçirdiyini qeyd edib.
"Uzunmüddətli çoxtərəfli yanaşma prinsiplərinə sadiq qalaraq, İtaliya, xüsusən də UNESCO-nun Dünya Su Resurslarının Qiymətləndirilməsi Proqramı da daxil olmaqla, BMT-nin Proqramlar Şəbəkəsi çərçivəsində daha kompleks və koordinasiyalı yanaşmanı qətiyyətlə dəstəkləyir", - o əlavə edib.
Qeyd edək ki, ADA Universitetində Macarıstan, İtaliya və Qazaxıstan səfirliklərinin birgə təşkilatçılığı ilə “COP29 işığında kənd təsərrüfatında və su ehtiyatlarının idarə edilməsində dayanıqlılıq və innovasiyalar” adlı beynəlxalq simpozium keçirilir.
Alimlərin, eləcə də, yerli və xarici ekspertlərin iştirak etdiyi tədbirdə qlobal və regional perspektivlər müzakirə olunur, iqlim dəyişikliyinin təsirlərinə xüsusi diqqət yetirilir.