Azərbaycan, Bakı, 14 iyun/ Trend / Azərbaycanın mobil rabitə operatoru "Azercell Telekom" şənbə günü "Gələcək - Sənsən" proqramı çərçivəsində "Karyera günləri"ni təşkil edir. Şirkətin insan resursları departamentinin rəhbəri Sevda Səlimovanın sözlərinə görə, uğurlu karyera qurmaq istəyən gənclər üçün nəzərdə tutulan proqram 2005-ci ildən keçirilir.
Bundan əlavə, tələbələrə "Azercell"in fəaliyyəti ilə yanaşı, daxili həyatı haqqında da maraqlı informasiyalar açıqlanacaq. Proqrama qatılan gənclər və qızlar biznes oyunlarda və özlərinin təhsil sahəsinə uyğun olan testlərdə iştirak edəcəklər. Bu mərhələni uğurla keçən tələbələr isə müsahibəyə buraxılacaq. Proqramın iştirakçıları sonradan "Azercell"də işə qəbul prosesində, həm də yay və qış təcrübə proqramlarında iştirak etmək imkanını qazanacaqlar.
İndiyədək minlərlə gənc bu karyera proqramının iştirakçısı olub, Azərbaycanın ən nüfuzlu ali təhsil ocaqlarının 40-a yaxın məzunu isə şirkətdə işə qəbul edilib.
"Gələcək - Sənsən" proqramında Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Dillər Universiteti, Slavyan Dillər Universiteti, Qafqaz Universiteti, Xəzər Universiteti və digər ali təhsil müəssisələrinin IV kurs tələbələri, bakalavr, magistr və aspirantları iştirak edəcəklər. Bu il 600-ə yaxın gənc proqramda iştirak etmək üçün "Azercell"ə müraciət edib.