Azərbaycan, Bakı, 20 noyabr/ Trend , müxbir S.Babayeva/ 2009-cu ildə Azərbaycanda yerli telefon danışıqlarına limitlər tətbiq edilə bilər, - Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində işlərə yaxın mənbə cümə axşamı bildirib.
"Hazırda nazirlik Tarif Şurasına təqdim edilməsi üçün limitlərin tətbiqi üzrə təkliflər hazırlayır və bu təkliflər təqdir edilərsə, yeni tariflər 2009-cu ildən tətbiq edilə bilər", - mənbə bildirib.
Təxmini olaraq, limit iki paket üçün - sosial qruplar (əhali) və biznes-idarələr üçün nəzərdə tutula bilər. Sosial qruplar üçün limit hər ay 400 dəqiqə həcmində ayrıla bilər. Bu limit başa çatdıqdan sonra, danışığın hər dəqiqəsinə görə ödəniş abunəçilər tərəfindən həyata keçiriləcək.
Rabitə Nazirliyində hesab edirlər ki, limitlərin tətbiqi abunəçilər arasında uzun telefon danışıqları nəticəsində şəbəkələrin yüklənməsini azaltmağa imkan verəcək. Bundan əlavə, bu dial-up qoşulma ilə İnternetə çıxışın təmin edildiyi ATS kanallarının sürətinə də müsbət təsir göstərəcək.
"Belə təcrübə çox ölkədə var. Hesablamalarımıza görə, abunəçilərin 40 faizdən çox ay ərzində hətta 400 dəqiqəlik limiti də ötmürlər", - Rabitə Nazirliyindən bildiriblər.
Ötən il nazirlik limitlərin tətbiqi üzrə bir neçə tarif paketi hazırlayıb. Bu paketlər həm biznes-qurumlar, həm də əhalinin aztəminatlı təbəqələrinin bütün kateqoriyalarının nəzərə alınması ilə hazırlanmışdı.
Lakin Tarif Şurası limitlərin tətbiqinin tez olduğunu hesab edir. Bu məsələ dondurulub. Bunun əvəzinə, ölkə ərazisində telefon danışıqlarına görə aylıq ödəniş 0,7 manatdan 2 manatadək artırılıb.
Rabitə Nazirliyində Azərbaycandakı hər stasionar telefonun maya dəyərini 3 manat qiymətləndirirlər.
İdarə, limitlərin tətbiqindən əlavə telefonun quraşdırılması üçün qiymətin azaldılmasını zəruri hesab edir. Hazırda bu xidmət 80 manata başa gəlir.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]