Azərbaycan, Bakı, 23 dekabr /Trend/
Azərbaycanda ilk mobil rabitə operatoru olan Bakcell uşaq yönümlü layihələrə dəstək verən "Bakcell Stars" Korporativ Sosial Məsuliyyət proqramını müvəffəqiyyətlə davam etdirir. 2010-cu ilin noyabr ayında Bakcell Stars çərçivəsində yeni bir layihəyə start verilib. "İnkişaf və İştirak üçün İdman" adlanan bu layihənin icraçısı Sosial Xidmətlər Təşəbbüsü İctimai Birliyidir.
"İnkişaf və İştirak üçün İdman" layihəsinin əsas məqsədi internat məktəblərində yaşayan eşitmə qüsurlu uşaqların həyatını idman və oyunlar vasitəsilə dəyişməkdir. Layihə Bakı şəhərinin 1 və 3 saylı xüsusi təyinatlı internat məktəblərində 500 nəfərdən artıq 8-17 yaşlı eşitmə qüsurlu uşağı əhatə edəcək. Sosial Xidmətlər Təşəbbüsü İctimai Birliyinin direktoru Mehman Kərimovun sözlərinə görə, bu məqsədlə hər iki məktəbdən seçilmiş 30 nəfər fiziki tərbiyə müəlliminə idman və oyunlar üzrə silsilə təlimlər keçiriləcək. "Təlimlər başa çatdıqdan sonra müəllimlər uşaqlar üçün Şən, Təhlükəsiz və İnklusiv oyunlar təşkil edəcəklər, bu da öz növbəsində idman və oyunların hamı üçün, eləcə də xüsusi ehtiyaclı uşaqlar üçün əhəmiyyətini təbliğ edəcək".
Bakcell-in baş icraçı direktoru İneke Botter layihə barədə bunları deyib: "Bakcell hər bir uşağın istedadlı olduğuna inanır. Biz əlilliyi olan uşaqlar üçün müxtəlif idman fəaliyyətləri təşkil etməklə, onların özlərini cəmiyyətin faydalı üzvləri hiss etməsinə yardım etməkdən məmnunluq duyuruq".
"İnkişaf və İştirak üçün İdman" layihəsi çərçivəsində Sosial Xidmətlər Təşəbbüsü Beynəlxalq Əlillər Günü münasibətilə futbol turniri təşkil edib. Əlil Futbol Federasiyası və AFFA-nın dəstəyi ilə keçirilən turnirdə hədəf internat müəssisələrinin eşitmə qüsurlu uşaqlardan təşkil olunmuş 5 komandası iştirak edib.
Sosial Xidmətlər Təşəbbüsü İctimai Birliyinin direktoru Mehman Kərimovun dediyinə görə, bu dəfəki turnir idmançıların və azarkeşlərin yaddaşında təkcə qızğın idman yarışması ilə deyil, həm də mədəni və əyləncəli proqramla yadda qalıb. Yarışmada idmançılara dəstək üçün "Müşfiq" Əlil Uşaqlara Dəstək İctimai Birliyi, "Olimp" rəqs klubu, Rolerlər Klubu, həmçinin Laçın futbol komandasının azyaşlı futbolçuları da qoşulub. Bu istedadlı uşaqların tədbirə qatılmasının ən vacib məqsədi onların belə bir günü oz həmyaşıdları ilə birgə qeyd edərək, "Əlillik xəstəlik deyil, sadəcə imkanlar müxtəlifliyidir" fikrinə həmrəy olduqlarını nümayiş etdirmək idi.
Sosial Xidmətlər Təşəbbüsü İctimai Birliyi (SXT) 2008-ci ildə Azərbaycanda əqli qüsuru olan uşaqlar üçün xidmət modellərinin yaradılması və uşaqları müdafiə sistemində onların maraq və ehtiyaclarına uyğun islahatlar aparmaqda hökumətin siyasətinə dəstək göstərilməsi məqsədilə yaradılıb. SXT fəaliyyətinin əsas prinsipləri inteqrasiya, müxtəliflik, bərabərlik, ayrı-seçkiliyə yol verilməməsi və insan hüquqlarına hörmətdir.
Save the Children (Uşaqların Xilası), SOS Uşaq Kəndləri, Sosial Xidmətlər Təşəbbüsü və Azərbaycana Birgə Yardım (UAFA) təşkilatları tərəfindən həyata keçirilən uşaq yönümlü layihələrə dəstək göstərən "Bakcell Stars" proqramının uzun müddətli strateji məqsədi uşaqların istedadlarını inkişaf etdirməklə onların gələcəyinə sərmayə qoymaqdır.
"Bakcell Stars" proqramı və Bakcell-in digər məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin.
Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555-ə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.