...

Apreldə Azərbaycanın "Azerspace" peykinin inşası üzrə kredit sazişi imzalanacaq

Telekommunikasiya Materials 29 Mart 2011 12:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 mart /Trend, müxbir H.Vəliyev/

Aprelin ortalarında Azərbaycanın ilk peyki olan "Azerspace" telekommunikasiya peykinin inşası üzrə kredit sazişinin imzalanacağı gözlənilir. Bu barədə Trend-ə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən bildirilib.

Saziş Azərbaycan hökuməti, ABŞ İxrac-İdxal Bankı (US Ex-Im) və Fransanın "BNP Paribas" bankı arasında üçtərəfli qaydada imzalanacaq.

"Azerspace" peykinin istehsal dəyəri 96 milyon manat təşkil edir ki, bunun 20 milyon manatı artıq dövlət büdcəsi vəsaiti hesabına ödənilib. Yerdə qalan 76 milyon manat, eləcə də əlavə xərclər üzrə vəsaitlər "US Ex-Im" krediti kimi Azərbaycana ayrılacaq.

Yanvarda ABŞ-ın İxrac-İdxal Bankının Ekspert Şurası Azərbaycanın ilk "Azerspace" telekommunikasiya peykinin tikintisinin maliyyələşdirilməsi ilə bağlı müsbət qərar qəbul edib.

Amerika qanunvericiliyinə görə, kreditin məbləği 100 milyon dolları ötərsə, ona ABŞ Konqresi səviyyəsində baxılmalıdır.

Bu gün "US Ex-Im" tərəfindən təsdiqlənən sənəd artıq baxılmaq üçün ABŞ Konqresinə göndərilib. Sənəd təsdiqləndikdən sonra vəsait Azərbaycan tərəfinə təqdim olunacaq. Hazırda müəyyən edilmiş prosedur qaydaları üzrə işlər mərhələli şəkildə aparılır.

"US Ex-Im"də daxili prosedurlar başa çatdıqdan sonra Azərbaycan tərəfi dövlət dəstəyinə zəmanət olacaq müvafiq sənəd qəbul etməlidir.

Azərbaycana kredit "US Ex-Im" tərəfindən "BNP Paribas"dan götürülən borc vəsaitləri hesabına ayrılacaq. Gözlənildiyinə görə, "US Ex-Im" sövdələşməni vəsaitlərdən iki illik istifadə müddəti və ödəniş dövrü on il olmaqla maliyyələşdəcək.

"Azerspace" peykinin istehsalçısı qismində ABŞ-ın "Orbital Sciences Corporation" şirkəti çıxış edir, peykin yerləşdiriləcəyi orbital mövqe isə Malayziyanın MEASAT peyk operatorundan icarəyə götürülüb.

Rabitə Nazirliyinin planlarına görə, ilk peykin 2012-ci ilin iyununda orbitə çıxarılacağı gözlənilir.

"Azerspace" telekommunilkasiya peyki rəqəmli teleradio yayımı xidmətlərinin göstərilməsi, internet şəbəkəsinə çıxış, məlumatların ötürülməsi, VSAT multiservis şəbəkəsinin, eləcə də hökumət əlaqələrinin yaradılması üçün nəzərdə tutulub. "Azerspace" peyki C diapazonlu 24 transponderlə (tezlik zolağı 4-6 GHz) və Ku diapazonlu 12 transponderlə (tezlik zolağı 11-13 GHz) təchiz olunacaq.Peyk Malayziyanın peyk operatoru MEASAT şirkətindən icarəyə götürülən 46 dərəcə şərq uzunluğu orbital mövqeyində yerləşəcək. "Azerspace"in xidmət zonasına Avropa, Mərkəzi Asiya və Afrika ölkələri daxil olacaq. Peykin orbitdə istismar müddəti 20 ilə qədər təşkil edəcək.

Rabitə Nazirliyinin qarşısında duran prioritet məsələlərdən biri peykin resurslarının satışıdır. İdarə "Azerspace"in resurslarının 80 faizini beynəlxalq bazara çıxarmaq, yerdə qalan 20 faizindən isə respublikadaxili səviyyədə istifadə etmək fikrindədir.

Xəbər lenti

Xəbər lenti