Azərbaycan, Bakı, 8 aprel /Trend, müxbir H.Vəliyev/
Azərbaycanın poçt rabitəsi operatoru "Azərpoçt" MMC-nin EMS (Express Mail Service) Azerexpresspost xidməti MDB ölkələrində ən yaxşılardan biri adlandırılıb. Bu barədə Trend-ə cümə günü Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin poçt rabitəsi şöbəsinin müdiri, Regional Rabitə Birliyinin (RRB) Poçt rabitəsi komissiyasının sədri Novruz Məmmədov bildirib.
1998-ci ildə EMS kooperativini təşkil edən Ümumdünya Poçt Təşkilatı (ÜPT) üzvlərinin təqdim etdiyi ekspress çatdırılma beynəlxalq servisdir. Hazırda dünyanın 200-ə yaxın ölkəsində EMS-göndərişlərin ekspress çatdırılması üzrə xidmət göstərilir.
"Azərbaycanın poçt rabitəsi operatoru "Azərpoçt" MMC MDB ölkələri arasında ən yaxşı operatorlardan biri seçilib. "Azərpoçt" göstərilən xidmətlərin keyfiyyətinə görə Belarus, Ukrayna, Moldovadan sonra dördüncü yeri tutur", - Məmmədov deyib.
Onun sözlərinə görə, bu barədə ayın əvvəlində Qazaxıstanda keçirilən RRB-nin Poçt rabitəsi komissiyasının və RRB Poçt Rabitəsi Operatorları Şurasının 32/21-ci iclası zamanı bəyan edilib.
İclasda "RRB çərçivəsində ekspress poçt sisteminin (EMS RRB) yaradılması konsepsiyası"nın həyata keçirilməsi barədə nitq dinlənilib. Böyük diqqət təhlükəsizlik sahəsində siyasət məsələlərinə və ÜPT-nin bu yaxınlarda təsdiq etdiyi sertifikatlaşdırma metodologiyasına, EMS-in hədəfli hesabatlarının təhlilinə və bu xidmət üzrə göstəricilərə yetirilib.
Bundan başqa, iclasda ÜPT-nin gələcək strategiyası üzrə regional "dəyirmi masa"ya və iyunda Sankt-Peterburqda keçiriləcək "Poçt üçlüyü-2011" Beynəlxalq sərgi-forumuna və RRB-nin 2012-ci ilin sentyabr-oktyabrında Qətərdə keçiriləcək ÜPT-nin 25-ci konqresinə hazırlıq da müzakirə edilib.