Azərbaycan, Bakı, 31 may /Trend, müxbir H.Vəliyev/
Yaxın aylarda Bakıda "Mobile Monday" mobil sənayesinin mütəxəssislərinin görüşü keçiriləcək. Bu barədə çərşənbə axşamı Trend-ə Azərbaycanda Simsiz Texnologiyalar Assosiasiyasının icraçı direktoru Əli Əliyev məlumat verib.
Əliyevin sözlərinə görə, bu tədbir ayda bir dəfə keçirilir və şirkət və assosiasiyaların rəhbərlərini, mobil texnologiyalar və telekommunikasiya sənayesi ilə bilavasitə əlaqəsi olan top-menecerləri bir araya toplayır.
"Mobile Monday" yaxud "Mobil bazar ertələri" informasiya texnologiyaları, mobil texnologiyalar və telekommunikasiya sənayesində çalışan dünyanın 20-dən artıq ölkəsindəki 30 mindən artıq peşəkarı birləşdirən beynəlxalq biznes cəmiyyətdir. "Mobile Monday" konfransları qeyri-formal ünsiyyətə, biznes-əlaqə dairəsinin genişlənməsinə, mobiul sənaye nümayəndələri arasında təcrübə və ideyalar mübadiləsinə yardım edir.
"Mobile Monday"-in əsas məqsədi mobil texnologiyalarda ən yeni xidmət və uğurların irəliləməsi, VAS-sənayenin inkişafı və müzakirəsi, "Mobile Monday" brendinin digər ölkələrdəki populyarlığı sayəsində Azərbaycanın beynəlxaql arenada təqdimatından ibarətdir.
"Mobile Monday"nin Azərbaycanda nümayəndəliyinin açılması haqqında lisenziyalaşdırılmış müqavilə Helsinkidə keçirilən (30 may-3 iyun) İnnovasiyalar və texnologiyalar sahəsində sahibkarlıq üzrə 4-cü qlobal forum çərçivəsində "Caspian Investment Centre Azerbaijan" və "Mobile Monday" arasında mayın 30-da imzalanıb.
Tədbir Dünya Bankının, İFC və Finlandiyanın Xarici İKşlər Nazirliyinin dəstəyi ilə "InfoDev" layihəsi tərəfindən təşkil olunub. Forumun işində 85 ölkədən 600-dən artıq nümayəndə heyəti iştirak edir.