...

Azərbaycan irimiqyaslı İKT layihələrində Misirlə əməkdaşlığa ümid edir

Telekommunikasiya Materials 24 Avqust 2012 13:12 (UTC +04:00)
Misirin İKT potensialının gücləndirilməsi və Azərbaycanın həyata keçirdiyi genişmiqyaslı İKT layihələrinin genişləndirilməsi istiqamətində birgə səylər göstəriləcək.
Azərbaycan irimiqyaslı İKT layihələrində Misirlə əməkdaşlığa ümid edir

Azərbaycan, Bakı, 24 avqust /Trend, müxbir H.Vəliyev/

Misirin İKT potensialının gücləndirilməsi və Azərbaycanın həyata keçirdiyi genişmiqyaslı İKT layihələrinin genişləndirilməsi istiqamətində birgə səylər göstəriləcək. Bunu rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Misir Ərəb Respublikasının ölkəmizdə diplomatik missiyasını başa vuran fövqəladə və səlahiyyətli səfiri Sabir Əbdülqadir Mansurla görüşündə bildirib. Trend-in məlumatına görə, bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin cümə günü yaydığı məlumatda deyilir.

Görüşdə Azərbaycan və Misir arasında informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq, "İsgəndəriyyə" kitabxanasının direktoru İsmayıl Seragəldinin ölkəmizə səfəri, "BakuTel" sərgisi çərçivəsində "Kulturama" layihəsinin təqdim edilməsi, həmçinin 2005-ci ildə Misirin Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi arasında Tunisdə imzalanmış Anlaşma Memorandumundan irəli gələn məsələlər müzakirə olunub.

Sabir Əbdülqadir Mansur ölkəsində prezident seçkilərindən sonra İKT sahəsinə cavabdeh yeni nazirin təyin edildiyi barədə məlumat verib.

Əli Abbasov öz növbəsində cari ilin 6-10 noyabr tarixlərində Bakıda keçiriləcək İnternet İdarəçilik Forumunun Nazirlər Toplantısına yeni təyin edilmiş misirli nazirin dəvət ediləcəyini qeyd edib.

Nazir ümidvar olduğunu bildirib ki, Misirin İKT potensialının gücləndirilməsi və Azərbaycanın həyata keçirdiyi genişmiqyaslı İKT layihələrinin genişləndirilməsi istiqamətində birgə səylər göstəriləcək.

Bir müddət əvvəl BMT Azərbaycan hökumətinə internetdən istifadə məsələləri üzrə forumun keçirilməsi təklifi ilə müraciət etmişdi. Məlumata görə, bu, miqyasına görə çox iri tədbir olacaq. Bununla əlaqədar onun təşkili noyabrın 6-9-da Bakıda keçiriləcək 18-ci beynəlxalq BakuTel-2012 telekommunikasiya sərgi konfransının açılışına həsr olunacaq.

Forumun işində müxtəlif ölkələrdən üç minə yaxın nümayəndənin iştirak edəcəyi gözlənilir. Hazırda forumun proqramının hazırlanması və onun keçirilməsi ilə bağlı digər məsələlərin həlli üzrə işlər gedir.

Xəbər lenti

Xəbər lenti