Azərbaycan, Bakı, 7 noyabr /Trend, müxbir H.Vəliyev/
Ukrayna və Azərbaycan kosmik sənaye üçün kadrların hazırlanması sahəsində əməkdaşlığın təşkili üzrə iş aparır. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko bildirib.
"Azərbaycanın Milli Aviasiya Akademiyası (AMAA) O.Qonçar adına Dnepropetrovsk Milli Universitetinin iştirakı ilə kosmik sahədə azərbaycanlı mütəxəssislərin hazırlanmasına başlayıb", - səfir deyib.
Onun sözlərinə görə, 2012/2013-cü tədris ilində AMAA DMU-nun professor-müəllim heyətinin iştirakı ilə kosmik texnologiyalar üzrə mühəndis, kosmik texnika üzrə mühəndis və kosmik idarəetmə sistemləri üzrə mühəndis ixtisasları üzrə, həmçinin kosmik texnika və texnologiyalar üzrə mühəndis ixsisası üzrə magistrlərin hazrlanmasına başlayıb.
Azərbaycanın ilk telekommunikasiya peyki (Azerspace-1) ilin sonunda Kuru kosmodromuna gətiriləcək, onun orbitə buraxılması isə 2013-cü il fevralın birinci ongünlüyünə planlaşdırılıb.