...

Dünya Bankı Azərbaycanda mütərəqqi informasiya texnologiyalarına əsaslanan layihələrin genişləndirilməsini müsbət qiymətləndirir

Telekommunikasiya Materials 19 İyun 2014 17:50 (UTC +04:00)
Vergilər Nazirliyində Dünya Bankının Azərbaycan üzrə baş iqtisadçısı, xanım Mona Prasadın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Dünya Bankı Azərbaycanda mütərəqqi informasiya texnologiyalarına əsaslanan layihələrin genişləndirilməsini müsbət qiymətləndirir

Azərbaycan, Bakı, 19 iyun /Trend/

Vergilər Nazirliyində Dünya Bankının Azərbaycan üzrə baş iqtisadçısı, xanım Mona Prasadın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Nazirliyin Analitik-informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, vergilər nazirinin birinci müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Natiq Əmirov son illərdə ölkəmizin vergi sistemində aparılan islahatlar haqqında qonaqlara geniş məlumat verərək bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində vergi inzibatçılığının bütün sahələrində müasir İKT-nin tətbiqi, inzibati idarəetmənin keyfiyyətcə yaxşılaşdırılması və avtomatlaşdırılması qısa müddətdə vergi xidmətinin fəaliyyətində ciddi uğurlar əldə edilib. Bunu, ilk növbədə, qabaqcıl beynəlxalq təcrübəyə əsaslanan müasir innovativ vergi inzibatçılığının qurulması nəticəsində vergi ödəyiciləri tərəfindən rəğbətlə qarşılanan elektron xidmətlərin göstərilməsi sahəsində görmək mümkündür.

N.Əmirov vergi sistemində və vergi inzibatçılığında aparılan islahatların davam etdiriləcəyini, vergidən yayınma hallarının qarşısının alınması üçün daha səmərəli nəzarət mexanizmlərin tətbiq olunacağını, vergi ödəyicilərinə göstərilən elektron xidmətlərin keyfiyyətinin daha da artırılacağını diqqətə çatdırıb.

Qeyd edilib ki, hazırda qarşıda duran prioritet vəzifələrdən biri də nağdsız ödənişlər üçün müvafiq infrastrukturun yaradılması, bu sahədə stimullaşdırıcı tədbirlərin keçirilməsi və əhalinin fəallığının artırılmasıdır. Nağdsız ödənişlər infrastrukturunun təkmilləşdirilməsi məqsədilə bu sahədə ən qabaqcıl beynəlxalq təcrübə araşdırılaraq təhlil edilir, yeni nəsil ödəniş cihazlarının ölkəmizdə tətbiqi imkanları qiymətləndirilir. Vergi ödəyicilərinin və onların nümayəndələrinin nağdsız ödənişlərin əhəmiyyəti və əlverişliliyi haqqında maarifləndirilməsinin təmin edilməsi məqsədilə müxtəlif tədbirlər keçirilir.

Bildirilib ki, 2014-cü ildən Vergilər Nazirliyi bələdiyyələrin vergi informasiya sisteminin avtomatlaşdırılması məqsədilə proqram təminatı hazırlanmış 8 bələdiyyədə yerli (bələdiyyə vergi və ödənişlərinin) ödəyicilərin elektron uçotunun tətbiqi üzrə pilot layihənin reallaşdırılmasına start verib. Proqram təminatı "Cybernet" şirkəti tərəfindən hazırlanmış bu sistemin tətbiqi bələdiyyə gəlirlərinin ödənişi ilə bağlı olan bütün əməliyyatların avtomatlaşdırılmasına imkan verir və bələdiyyə vergi ödəyiciləri olan fiziki şəxslər üçün vergiləri bələdiyyələrə gəlmədən asanlıqlıa ödəmək üçün geniş imkanlar açır.

Xanım M.Prasad Azərbaycanın vergi sistemində aparılan islahatların, xüsusilə də yeni informasiya kommunikasiya texnologiyalarının tətbiqi və elektron xidmətlər sahəsində layihələrin həyata keçirilməsi ilə bağlı ölkəmizdə görülən işlərin region ölkələri ilə müqayisədə daha sürətlə inkişaf etdiyini, mütərəqqi informasiya texnologiyalarına əsaslanan layihələrin genişləndirilməsini müsbət hal kimi qiymətləndirərək, Dünya Bankı və Azərbaycan hökuməti arasında qarşılıqlı əməkdaşlığın davam etdirilməsinin zəruriliyini vurğulayıb.

Görüşdə vergi siyasəti və inzibatçılığı üzrə potensial əməkdaşlıq sahələri, həmçinin iqtisadiyyatda nağdsız əməliyyatların stimullaşdırılması və bələdiyyələrdə elektron qeydiyyat sisteminin həyata keçirilməsi sahəsində Dünya Bankı tərəfindən təklif olunan texniki yardım və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti