...

"Sony" Azərbaycanda aktiv inkişaf tempini artırır

Telekommunikasiya Materials 3 Noyabr 2015 16:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 noyabr /Trend/

"Sony" korporasiyası Azərbaycandakı fəaliyyətini fəal şəkildə genişləndirməklə ölkə paytaxtının yüksək işgüzar potensialından faydalanmaq niyyətindədir. Bu barədə "JW Marriott Absheron" hotelində media nümayəndələri üçün keçirilmiş özəl tədbirdə bildirilib. Sözügedən tədbir çərçivəsində iştirakçılar "Sony" brendinə məxsus bir neçə qlobal yenilikləri dəyərləndirmək imkanından yararlanıblar.

Media nümayəndələrinə müraciət edərək "Sony Middle East" şirkətinin nümayəndələri 2016-cı ilin aprelinədək şirkətin yerli satış nöqtələrinin sayını 6-dan 18-dək artırmaq planını vurğulayıblar. Hazırda "Sony" məhsulları "Music Gallery", "Baku Electronics", "Sony Centre" ("Unitech") və "Kontakt Electronics" kimi mağaza şəbəkələrində müştərilərə təklif olunur. Bununla yanaşı, "Sony" şirkəti mağazalarda gələcək məhsullarının konseptlərinin nümayişi, həmçinin müştəri xidmətləri keyfiyyətinin artırılması, mövcud xidmətlərin yaxşılaşdırılması və yeni xidmətlərin təklif olunmasını planlaşdırır.

Tədbirdə çıxış edən "Sony Middle East" şirkətinin rəhbəri Satoru Arayi bildirib: "Azərbaycanda fəaliyyətimizi genişləndirməyimizə şadıq. Bakının mövcud işgüzar potensialı "Sony" üçün yaxşı perspektivlər nümayiş etdirir və məhz buna görə sözügedən bazarla bağlı böyük planlarımız var. Yerli satış şəbəkəmiz müştərilərin tələblərinin təmin edilməsinə yönəlib və bu bazarda "Sony" məhsullarına tələbin yüksək olduğunu nəzərə alaraq biz burada daha çox populyar məhsullarımızı təklif edərək azərbaycanlı istifadəçilərə ən son texnoloji yenilikləri bütün dünya ilə eyni vaxtda sınamaq imkanı təqdim etməkdə maraqlıyıq".

Tədbir çərçivəsində daha aydın görüntü, rəng və təzadın dəqiq ötürülməsini təmin edən 4K X1 prosessoru ilə təchiz olunmuş "BRAVIA™ 4K LCD X9005C" televizorunun təqdimatı keçirilib. Yeni nəsil X9005C seriyası müasir ultra-nazik zərif dizaynı ilə fərqlənir ki, bu da onu bir küncdən digərinə doğru bütün görüntünü tamlıqla əhatə etməyə imkan verən yüksək diapazona malik ən nazik televizor edir. Yeni nəsil televizorlar "Google" tərəfindən "Android TV" üçün hazırlanan ən son əməliyyat sistemi ilə təchiz olunub ki, bunun sayəsində eyni zamanda video yayımını asanlıqla izləmək və televizoru oyun qurğusu kimi istifadə etmək mümkün olur.

Bununla yanaşı, "Sony" şirkəti yeni nəsil yüksək keyfiyyətli audio-məhsulların, o cümlədən dəbli qulaqlıqlar və hər bir şəxsin fərdi zövqünü oxşayacaq geniş rəng çeşidi ilə təklif olunan "Walkman"® cihazını təqdim edib. Sadə zəriflik və ya parlaq gümrahlığı təcəssüm etdirən - "Sony"dən hamar h.ear™ ("hear" kimi tələffüz olunur) seriyası və "Walkman"® çeşidi hər bir şəxsə uyğun göy viridiana, qırmızı kinovari, qara ağac kömürü, sarımtıl laym və qırmızımtıl çəhrayı rənglərinin tünd çalarlarında təklif olunur.

Müstəsna keyfiyyətə malik audio səs dinləyiciyə indiyədək görünməmiş həzz yaşadacaq. Belə ki, sevimli musiqilər indi canlı ifaya daha yaxın səslənəcək. Akustik mühəndis texnologiyaları sayəsində "Sony" musiqinin canlı ifasını olduğu kimi dinləyiciyə çatdırmaq üçün müştərilərə yüksək keyfiyyətə malik geniş çeşidli məhsullar təklif edir. Keyfiyyət və dizaynın nəfis ahəngi olan taxma tipli "h.ear on"™ qulaqlıqları, "h.ear in NC"™ səs yatırılma içliyi, "h.ear in"™ qulaqcıqları və "Walkman"® musiqi stilinin və fərdiliyin əsl manifestdir.

Tədbirdə "Sony" rəqəmsal vizuallaşdırma flaqmanı olan α7R II məhsulunu təqdim etməklə fotoşəkil və rəqəmsal təsvir sahəsində dünya lideri statusuna sahib olduğunu bir daha sübut edib. α7R II məhsulu "Exmor R ™ CMOS sensor1" tipli tam ekranlı sensora və 35 mm arxa işıqlandırma ilə təchiz olunmuş dünyada ilk aparatdır. Cihaz müstəsna keyfiyyətə malik yüksək ölçü (təqribən 42,4 meqapiksel), yüksək həssaslıq (ISO 102400-dək genişləndirmə imkanı ilə) və 399 faza nöqtələrinin fokal səthiliyi sayəsində orijinal α7R ilə müqayisədə 40% daha çevik avtofokusla təchiz olunub.

Tədbir çərçivəsində yeni RX seriyalı kameraların nümayişi də baş tutub: Bunlar RX100 IV kompakt modeli və yüksək "zoom" texnologiyasına malik RX10 II modelləridir. Hər iki model 1.0 Exmor RS™ CMOS sensoru, siqnalların emalı üzrə müasir sistem və DRAM yaddaş çipi ilə təchiz olunmuş dünyada ilk aparatlardır. Siqnalların yüksək emal sürəti və DRAM yaddaş çipinin birgə yerləşdirilməsi şəklin məlumatlarının beş dəfəyədək daha sürətlə oxunmasını təmin edir və əvvəllər yalnız peşəkar videokameralarda olan bir çox xarakterik funksiyaların dəstəklənməsini təmin edir. RX seriyalı hər iki cihaz ən müasir və universal "Cybershot" kameralarıdır.

"Sony Middle East and Africa" şirkəti haqqında:

"Sony Middle East and Africa FZE" "Sony" korporasiyasının tam törəmə şirkəti olmaqla Yaxın Şərq və Afrika regionları üzrə baş qərargahdır. Şirkət "Sony"nin region üzrə 40-dan çox ölkəsində məişət elektronikası, media texnikası və enerji daşıyıcıları, mobil elektronika (avtomobillər üçün səs sistemi) və kompüter əyləncə məhsulları (PlayStation) biznesi ilə məşğul olur. Dubayda yerləşən "Jebel Ali Free Zone"də fond əməliyyatlarından əlavə "Sony Middle East and Africa" müxtəlif logistik, ticarət, marketinq və reklam xidmətləri göstərir, həmçinin müştərilərin tələblərini işgüzar tərəfdaşları və nümayəndəlikləri vasitəsilə təmin edir. Şirkətin 262 akkreditə olunmuş xidmət mərkəzlərinə əlavə Keniya və Pakistandakı nümayəndəliklər "Sony"nin regiondakı başlıca bazarlarda mövqeyini möhkəmləndirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti