...

"SOCAR Turkey Enerji": TANAP region ölkələrinin qlobal telekommunikasiya mərkəzinə çıxışını təmin edəcək (MÜSAHİBƏ)

Telekommunikasiya Materials 12 İyun 2018 07:27 (UTC +04:00)
TANAP ilə birlikdə həyata keçirilən "SOCAR Fiber" layihəsi digər ölkələrin də kabel infrastrukturuna inteqrasiya ediləcək.
"SOCAR Turkey Enerji": TANAP region ölkələrinin qlobal telekommunikasiya mərkəzinə çıxışını təmin edəcək (MÜSAHİBƏ)

Bakı. Maksim Tsurkov - Trend:

"SOCAR Turkey Enerji"nin (SOCAR - Azərbaycan Respublikası Dövlət Neft Şirkətiinin Türkiyədə törəmə şirkəti) baş direktoru Zaur Qəhrəmanovun Trend-ə müsahibəsi

- "SOCAR Fiber" layihəsinin reallaşdırılması hazırda hansı səviyyədədir? İşlərin neçə faizi başa çatıb və şəbəkə nə vaxt işə salınacaq?

- "SOCAR Fiber" layihəsində tikinti işləri TANAP boru xəttinin inşası ilə paralel aparılır və hazırda layihədə mühəndislik və inşaat işlərinin 90%-dən çoxu tamamlanıb. Layihənin Türkiyə-Gürcüstan sərhədindən Əskişəhər şəhərinə qədər olan hissəsində fiber-optik kabellərin çəkilişi başa çatıb. TANAP boru xəttinin inşaat təqviminə uyğun olaraq, 2019-cu ilin ikinci yarısında, Əskişəhərdən Türkiyə-Yunanıstan sərhədinə qədər tikinti işlərinin tamamlanması ilə birlikdə, "SOCAR Fiber" optik şəbəkəsi istismara hazır olacaq.

- Fiber-optik kabelin uzunluğu nə qədərdir? Layihənin həyata keçirilməsində hansısa şirkətlə əməkdaşlıq edilirmi?

- TANAP boru xətti ilə birlikdə inşa edilən iki ədəd fiber-optik kabelin hər birinin ümumi uzunluğu 1850 km-dir. Layihənin həyata keçirilməsində TANAP layihəsindəki tikinti firmaları ilə əməkdaşlıq edilir.

- Bu layihənin məqsədi nədən ibarətdir? Layihə Türkiyənin İT sahəsində hansı rolu oynayacaq?

- Layihənin əsas məqsədi Türkiyə və region ölkələrinin qlobal telekommunikasiya mərkəzlərinə yeni və daha təhlükəsiz marşrut vasitəsilə çıxışının təmin edilməsidir. Həmçinin məlumatların ötürülməsi ilə bağlı gündən-günə artan tələblər və bu tələblərin qarşılanması üçün rabitə şirkətlərinin yeni fiber-optik xətlərə ehtiyac duyması, SOCAR-ın TANAP inşaat işləri ilə sinerji çərçivəsində belə bir layihənin həyata keçirilməsini zəruri edir. "SOCAR Fiber" Türkiyənin İT bazarında modern və daha etibarlı fiber-optik xətt üzərindən məlumat mübadiləsi xidmətləri təklif etməyi planlaşdırır.

- "SOCAR Fiber" layihəsinin dəyəri nə qədərdir? Layihənin reallaşdırılması prosesinə nə qədər vəsait qoyulub?

- "SOCAR Fiber" layihəsi TANAP layihəsi ilə birlikdə həyata keçirildiyi üçün layihə tamamlandıqdan sonra yekun məlumatların verilməsi daha doğru olacaq. Layihənin tamamlanması ilə birlikdə bu məlumatları kütləvi informasiya vasitələri ilə paylaşacağıq.

- Bu şəbəkə Azərbaycanın kabel infrastrukturu ilə birləşəcəkmi?

- Layihənin sonrakı mərhələlərində fiber-optik kabel infrastrukturunun mövcud və yeni inşa ediləcək neft və qaz boru kəmərləri boyunca müxtəlif istiqamətlərdə genişləndirilməsi və keçdiyi ölkələrin rabitə xətlərinə inteqrasiya edilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti