Bakı. Trend:
“Aztelekom” MMC-nin baş direktoru vəzifəsində dəyişiklik olub.
Şirkətdən Trend-ə verilən məlumata görə, “Aztelekom” MMC-nin baş direktoru Klaus Mueller şəxsi səbəbləri ilə əlaqədar olaraq işdən ayrılmağa qərar verib. Onun “Aztelekom” MMC-yə rəhbərlik etdiyi müddət ərzində şirkətin texniki və IT infrastruktur yenilənməsi, genişzolaqlı internet şəbəkəsinin genişləndirilməsi istiqamətində mühüm layihələrə start verilib. Bu layihələrdən ən əhəmiyyətlisi isə ucqar regionlar da daxil olmaqla ölkə müxtəlif yerlərində çox sayda ev təsərrüfatı üçün fiber-optik internet şəbəkəsinin qurulması olub.
Eyni zamanda Klaus Muellerin rəhbərliyi altında həyata keçirilən
korporativ idarəetmə islahatlarının müsbət nəticəsi olaraq, şirkət
Avropa Yenidənqurma və İnkişaf Bankının kreditorların
qiymətləndirilməsinə dair mürəkkəb hüquqi ekspertiza prosesindən
uğurla keçib və ötən il dekabrın 22-də AYİB-dən dövlət zəmanəti
olmadan 85 milyon AZN dəyərində kredit almağa nail olub.
Qeyd edək ki, hazırda “Aztelekom” MMC-in baş direktor vəzifəsinin
icrası müvəqqəti olaraq Elçin Niyazova həvalə edilib. Biznesin
inkişafı sahəsində geniş təcrübəyə sahib Elçin Niyazov uzun illər
müxtəlif dövlət və özəl şirkətlərdə rəhbər vəzifələri icra edib. O,
Azərbaycan Dövlət İqtisad Universitetində maliyyə və kredit
ixtisası üzrə bakalavriat və magistratura təhsili alıb. Həmçinin,
Elçin Niyazov 1-ci “Yüksəliş” müsabiqəsinin finalçılarındən biri
olub.