...

Süni intellekt və rəqəmsallaşma ölkənin strateji prioritetidir - Azər Qarayev

Telekommunikasiya Materials 12 Fevral 2026 19:26 (UTC +04:00)
Süni intellekt və rəqəmsallaşma ölkənin strateji prioritetidir - Azər Qarayev
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

11 fevral 2026-cı ildə Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən və “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə ölkənin inkişaf strategiyasında keyfiyyətcə yeni mərhələnin anonsu kimi qiymətləndirilə bilər.

Bunu Trend-ə açıqlamasında politoloq Azər Qarayev deyib.

O bildirib ki, rəqəmsallaşma artıq texnoloji modernləşmə məsələsi deyil, dövlətlərin iqtisadi gücünü, idarəetmə səmərəliliyini və geosiyasi çəkisini müəyyən edən əsas faktora çevrilib:

“Süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması, rəqəmsal platformaların inteqrasiyası və kibertəhlükəsizlik məsələləri bu gün qlobal rəqabətin mərkəzində dayanır. Məhz bu baxımdan müşavirənin gündəliyi təkcə texniki yeniliklərin müzakirəsi deyil, Azərbaycanın gələcək inkişaf modelinin konturlarının müəyyənləşdirilməsi kimi dəyərləndirilməlidir. Prezident İlham Əliyevin müşavirədə rəqəmsallaşma və süni intellekti Azərbaycanın gələcək inkişafını şərtləndirən əsas amillər kimi təqdim etməsi ölkənin strateji prioritetlərini müəyyənləşdirərək rəqəmsal transformasiyanı milli inkişaf modelinin mərkəzi komponentinə çevirmək niyyətini nümayiş etdirir”.

Azər Qarayev qeyd edib ki, dünyada gedən proseslər artıq texnoloji üstünlüyü ölkələrin strateji güc faktoruna çevirib və bu sahədə geri qalmaq inkişaf tempinin zəifləməsi deməkdir:

“Məhz bu baxımdan rəqəmsal transformasiyanın prioritet elan olunması təsadüfi deyil, qlobal çağırışlara adekvat cavabdır. Prezident İlham Əliyevin müşavirədə mövcud nəqliyyat və enerji dəhlizlərinin yalnız fiziki infrastruktur kimi deyil, həm də regional rəqəmsal əlaqələrin əsas platforması olduğunu vurğulaması Azərbaycanın Şərq və Qərb arasında informasiya axınını gücləndirərək regional rəqəmsal qovşaq kimi rolunu möhkəmləndirmək strategiyasını aydın şəkildə ortaya qoyur. Fiber-optik kabellərin bu mövcud tranzit xətləri üzərində inteqrasiyası Azərbaycanın Şərq və Qərb bazarları arasında strateji informasiya mərkəzinə çevrilməsini təmin edəcək. Prezident İlham Əliyevin müşavirədə qeyd etdiyi kimi, bu təşəbbüs həm regional rəqəmsal inteqrasiyanın sürətlənməsinə, həm də ölkənin geosiyasi mövqeyinin güclənməsinə xidmət edəcək. Bu layihə Azərbaycanın qlobal məlumat axınında daha aktiv rol almasını təmin edəcək və informasiya təhlükəsizliyini maksimum səviyyədə qorumağa imkan yaradacaq”.

Politoloq həmçinin bildirib ki, paralel strateji tərəfdaşlıqlar Azərbaycanın nadir geosiyasi balansının təminatıdır və ölkəyə həm iqtisadi, həm də rəqəmsal sahələrdə beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirməyə şərait yaradır:

“Bu, yalnız iqtisadi və investisiya sahələrində deyil, eyni zamanda rəqəmsal infrastrukturun inkişafında da mühüm rol oynayır. ABŞ ilə Strateji Tərəfdaşlıq Xartiyası, Avropa ölkələri və Çinlə imzalanmış sənədlər Azərbaycanın qlobal texnoloji əməkdaşlıq imkanlarını genişləndirir. Bu nadir balans ölkəyə həm rəqabət üstünlüyü, həm də layihələrin beynəlxalq standartlara uyğun icrasını təmin etmək imkanı verir”.

Politoloq Azər Qarayev bildirir ki, müşavirədə Prezident İlham Əliyevin dövlət xidmətlərinin vahid platforma üzərindən mərkəzləşdirilməsi barədə dedikləri idarəetmənin səmərəliliyini artırmaqla yanaşı, vətəndaşlara xidmətlərin şəffaf və əlçatan şəkildə təqdim olunmasını təmin edən strateji addım kimi qiymətləndirilməlidir:

“MyGov” sistemi vasitəsilə bütün xidmətlərin bir ünvanda təqdim olunması idarəetməni optimallaşdırır, vətəndaş məmnunluğunu artırır və proseslərin şəffaflığını təmin edir. Mövcud müxtəlif platformaların koordinasiyalı şəkildə birləşdirilməsi artıq prioritetdir və bu, rəqəmsal idarəetmənin institusional dayanıqlığını təmin edən əsas mexanizmdir. Hər bir vətəndaşın eyni standart və keyfiyyətdə xidmət alması üçün bu vahid sistemin sürətlə tətbiqi vacibdir”.

Azər Qarayev qeyd edib ki, Prezident İlham Əliyevin rəqəmsal inkişafın yalnız texnologiya ilə məhdudlaşmadığını, kadr hazırlığı və təhsil sahəsində ciddi islahatların vacib olduğunu bildirməsi ölkənin uzunmüddətli dayanıqlılığını təmin etmək və gələcək nəsillərin rəqəmsal transformasiyaya hazırlığını təmin etmək məqsədini əks etdirir:

“Ali təhsil müəssisələrində süni intellekt və rəqəmsal texnologiyalar üzrə ixtisasların inkişafı, dövlət xətti ilə xaricə göndərilən tələbələrin peşəkarlığının artırılması uzunmüddətli dayanıqlığın təminatıdır. Orta məktəb tədris proqramlarında ilkin rəqəmsal biliklərin verilməsinin vacibliyi gənc nəsildə innovativ düşüncə tərzinin formalaşmasına və ölkənin rəqəmsal transformasiyaya uyğunlaşmasına xidmət edir”.

Politoloq onu da bildirib ki, Prezident İlham Əliyevin süni intellektin dövlət idarəçiliyində tətbiqini idarəetmənin keyfiyyətcə yeni mərhələsi kimi təqdim etməsi qərarvermə proseslərinin daha analitik, çevik və nəticəyönümlü əsaslar üzərində qurulmasına yönəlmiş strateji yanaşmanın ifadəsi kimi dəyərləndirilə bilər:

“Süni intellekt alətləri qərarvermə proseslərini daha çevik və analitik əsaslı edir, resursların səmərəli bölüşdürülməsinə, proseslərin optimallaşdırılmasına və subyektiv faktorların minimuma endirilməsinə imkan yaradır. Bu sistem yalnız yüksək səviyyəli strateji qərarlarda deyil, həmçinin gündəlik inzibati fəaliyyətin səmərəliliyində də geniş tətbiq olunmalıdır. Bu yanaşma idarəetmənin effektivliyini və dövlət xidmətlərinin keyfiyyətini artıracaq”.

Azər Qarayev bildirib ki, Prezident İlham Əliyevin müşavirədə kibertəhlükəsizlik sahəsini Azərbaycanın rəqəmsal inkişaf strategiyasında prioritet kimi təqdim etməsi artan qlobal kiber risklər fonunda milli rəqəmsal suverenliyin və informasiya təhlükəsizliyinin qorunmasının dövlət siyasətinin ayrılmaz tərkib hissəsinə çevrildiyini göstərir. Bu yanaşma Azərbaycanın rəqəmsal müstəqilliyini qorumaq və informasiya təhlükəsizliyini təmin etmək baxımından həlledici əhəmiyyətə malikdir.

Politoloqun fikrincə, bütün bu istiqamətlərin vahid fəaliyyət planı çərçivəsində sistemləşdirilməsi Azərbaycanın rəqəmsal transformasiyasına institusional və strateji təkan verəcək. Bu isə ölkənin həm regional, həm də qlobal miqyasda rəqəmsal güc mərkəzlərindən birinə çevrilməsi üçün real zəmin formalaşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti