Bakı.Trend:
Dünyada ali təhsil müəssisələri tələbələrə əsasən nəzəri biliklər verir və bu biliklərin praktik müstəvidə möhkəmləndirilməsi üçün müxtəlif modellər tətbiq olunur. Bu modellərdən biri də sənayenin ali təhsil müəssisələrinə inteqrasiyasıdır.
Trend xəbər verir ki, bu fikirləri “IT SkillSprint”in açılış mərasimi çərçivəsində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) Rəqəmsal səhiyyə xidmətlərinin inkişafı departamentinin müdiri Vüsalə Qurbanova jurnalistlərə açıqlamasında deyib.
İRİA rəsmisi qeyd edib ki, layihə çərçivəsində 9 universitetdən ümumilikdə 123 tələbə seçilib. Seçim prosesi müraciətlər əsasında aparılıb.
“Tələbələr dörd əsas istiqamət üzrə biliklərini artıracaqlar. Proqram data analitikası və süni intellekt, kibertəhlükəsizlik, veb proqramlaşdırma və "DevOps" istiqamətlərini əhatə edir”.
O vurğulayıb ki, məhz bu istiqamətlər hazırda Azərbaycanda prioritet sahələr hesab olunur və ölkədə kadr hazırlığında əsas ehtiyac duyulan sektorlardandır:
“Layihənin əsas hədəfi ölkədə İT üzrə kadr potensialının artırılması və universitetlərdə əldə olunan nəzəri biliklərin praktik bacarıqlara çevrilməsidir”.
