İsveçin "Ericsson" şirkəti Azərbaycanda yaradılacaq Xəzər Beynəlxalq İT Texnologiyaları Universitetinin platformasını hazırlamaq üçün iri qrant ayırmaq niyyətindədir. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında İnformasiya və Kommunikasiya Texnologiyaları Mərkəzinin baş direktoru Fikrət Əliyevin Trend ə verdiyi məlumata görə, qrantın 2007-ci ildə ayrılması gözlənilir.
Qrantın məbləği hələlik dəqiqləşdirilməyib. Qrant vəsaitlərindən başqa, bu işlərə Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (ARİTN) də vəsait ayıracaq.
"Universitetin yaradılması məsələsinə Tailand, Küveyt və Niderlanddan olan mütəxəssislərin iştirakı ilə keçiriləcək "Xüsusi iqtisadi zonalar: Azərbaycanda dayanıqlı iqtisadl inkişafın yeni istiqamətləri" beynəlxalq konfransı zamanı baxılacaq və müzakirə olunacaq. Konfransda Çalmer Universitetinin rektoru Jan Smit məruzə ilə çıxış edəcək", - deyə F. Əliyev bildirib.
Xəzər Beynəlxalq İT Texnologiyaları Universitetinin yaradıldması üzrə təşkilatı komitə ilə Höteburqda yerləşən Çelmer Texniki Universitetinin İnformasiya Texnologiyaları Universiteti arasında saziş protokolu avqustun 10-da ARİTN-də imzalanıb. Saziş universitet üçün platformanın hazırlanması üzrə əməkdaşlığın dəstəklənməsini nəzərdə tutur. Platforma isə, öz növbəsində, müasir proqramlar üzrə bakalavar və magistratura dərəcəsində mütəxəssislərin hazırlanmasını, texnoloji məzmunlu treninq metodları və təlim proqramlarının yaradılmasını, yüksək ixtisaslı elmi və pedaqoji kadrların hazırlanmasını, eləcə də multimedia və müasir texnologiyalara əsaslanmış maddli-texniki baza strukturunun yaradılmasını nəzərdə tutur.