...

Azərbaycan Beynəlxalq Elektron Rabitə İttifaqının səlahiyyətli Konfransında iştirakını başa vurur

Telekommunikasiya Materials 20 Noyabr 2006 16:13 (UTC +04:00)

Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nümayəndə heyəti noyabrın 6-dan 24-dək Türkiyədə keçirilən Beynəlxalq Elektron Rabitə İttifaqının (International Telecommunication Union) 17-ci səlahiyyətli Konfransında iştirakını başa vurur. Bu barədə Trend ə nazirlikdən məlumat verilib.

Tədbirin ilk günlərində nümayəndə heyətinə rabitə naziri Əli Abbasov başçılıq edib. O, konfransın sessiyalarından birində məruzə ilə çıxış edib.

Nazirin səfəri başa çatdıqdan sonra Azərbaycanı nazirliyin beynəlxalq əlaqələr və qeyri-dövlət təşkilatları ilə iş üzrə şöbəsinin müdiri Ayaz Bayramov, hüquq və kadrlar şöbəsinin rəhbəri Bəxtiyar Məmmədov və "Elektron İdarəetmə Milli şəbəkəsi təşəbbüsü" (National E-Governance Network Initiative) layihəsinin rəhbəri İlyas Naibov-Əylisli təmsil edib.

Noyabrın 13-dən 19-dək nazirliyin nümayəndələri Azərbacanın namizədliyini irəli sürdüyü təşkilat Şurasında seçkilər prosesində yardım almaq üçün Beynəlxalq Elektron Rabitə İttifaqına üzv ölkələrin bir sıra rabitə qurumları və təşkilatları ilə ikitərəfli görüşlər keçirib.

Seçkilərdə Azərbaycan 57 səs toplayaraq C regionu ölkələri qrupu üzrə təşkilat Şurasına daxil ola bilməyib. Azərbaycandan başqa, bu qrupda Polşa (69) və Qazaxıstan (74) da seçilməyib.

Seçkilər 5 region üzrə (A, B, C, D və E) keçirilib. A regionu üzrə Braziliya, Meksika, Argentina, ABŞ, Kanada, Kuba, Trinidad və Tobaqo, o cümlədən Venesuela, B regionu üzrə Fransa, İspaniya, İsveçrə, Almaniya, İsveç, İtaliya, Portuqaliya və Türkiyə, C regionu üzrə Rusiya, Rumıniya, Bolqarıstan, Çexiya və Ukrayna, D regionu üzrə Marokko, Seneqal, Əlcəzair, Nigeriya, Mali, Tunis, CAR, Misir, Burkina Faso, Keniya, Tanzaniya və Kamerun, E regionu üzrə Yaponiya, Koreya, Çin, Tailand, Malayziya, BƏƏ, İndoneziya, Pakistan, Hindistan, Filippin, Səudiyyə Ərəbistanı və Avstraliya seçilib.

Buna baxmayaraq, Azərbaycan noyabrın 20-dən 24-dək təşkilatın sessiyalarında iştirakını davam etdirir. Respublikanı İ.Naibov-Əylisli təmsil edir.

Səlahiyyətli konfrans Beynəlxalq Elektron Rabitə İttifaqının siyasətin işlənməsi üzrə məsul olan ali orqanıdır. 4 ildə bir dəfə çağırılan konfransda təşkilatın 4 illik strateji və maliyyə planları qəbul olunur, ümumi siyasət müəyyən edilir.

Xəbər lenti

Xəbər lenti