Bakı. Trend:
Daşaltı kəndində turizm infrastrukturunun qurulması işlərinə başlanılır.
Trend dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi hazırlıq işləri görür.
Agentlik infrastrukturun qurulması işlərinin 3 780 796,50 manata başa gələcəyini proqnozlaşdırıb.
Xatırladaq ki, kənddə bərpa və yenidənqurma işləri davam etdirilir.
Qeyd edək ki, Şuşa şəhəri üçün strateji əhəmiyyət daşıyan Daşaltı kəndinin bərpası qarşıya qoyulan əsas məqsədlərdəndir. Kəndin inkişafı, burada məskunlaşacaq əhali üçün rahat və sağlam yaşayış mühitinin yaradılması, sakinlərin məşğulluq sahələri və istirahət əraziləri ilə təmin edilməsi prioritetlər arasındadır.
Bunu nəzərə alaraq yenidənqurma üzrə təqdim olunan konsepsiya ərazinin təbii landşaftını qorumaqla Daşaltı kəndinin müasir tələblərə cavab verən yenilənəcək simasını nümayiş etdirir.
Kənddə ictimai və yaşayış mərkəzlərinin, mədəniyyət və təhsil ocaqlarının qurulması, sosial və ictimai obyektlərin inşası, turizm sahələrinin yaradılması, nəqliyyat və kommunikasiya xətlərinin çəkilməsi, ərazinin yaşıllaşdırılması, kəndin ekoloji təmiz enerji ilə qidalandırılması üçün infrastrukturun təmin olunması nəzərdə tutulur.